Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ASTARANIN İCRA BAŞÇISI SİMSAR.AZ-A MÜSAHİBƏ VERDİ - FOTOSSESİYA

Astara İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Simsar.az-a müsahibəsini təqdim edirik.

“Hamıya qayğı ilə yanaşmağa çalışırıq”


- Astaradan baxanda Azərbaycandakı ümumi vəziyyəti necə dəyərləndirərsiz?

- Təbii ki, mən bir rayonun rəhbəriyəm və hər hansı fikir səsləndirəndə də faktlara əsaslanmalıyam. Azərbaycanda qeyri-neft sektoru 7.2 faiz artıb. Bu onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Kənd təsərrüfatında artım 6.2 faiz təşkil edir. Əhalinin pul gəlirləri 17 faiz, inflyasiya 8.8 faiz artıb. Təkcə bu rəqəmlərə istinad edərək deyə bilərik ki, insanların rifah halının yaxşılaşdırılması üçün şərait yaradılıb. Ölkənin strateji valyuta ehtiyatları 9 milyard dollar artıb. Ümumilikdə Azərbaycan 38 milyard dollar valyuta ehtiyatlarına malikdir. Hər il insanların güzəranı daha da yaxşılaşır. Yəqin ki, siz Astara rayonunda illər öncə də olmusuz. Fərqi görməmiş deyilsiz. Bu fərqlərə Azərbaycanın bütün bölgələrində rast gəlmək mümkündür. Hamıya qayğı ilə yanaşmağa çalışırıq.

- Onda Sizdən Astara barəsində soruşaq. 6 aydır bu rayona rəhbərlik edirsiz. Bu müddətdə hansı dəyişikliklərə nail olmusuz?

- İstərdim yenə öz rayonumuzun vəziyyətini Azərbaycanın artan iqtisadi, siyasi, sosial vəziyyəti ilə əlaqələndirim. Altı ay ərzində xeyli irəliləyiş olub. Azərbaycan büdcəsinin gəlirləri 20 milyard dollara çatıb ki, bu, da rekord göstəricidir. Təbii ki, ölkə varlandıqca, regionların da sosial- iqtisadi inkişafı sürətlənir. Astarada sosial məsələlər daha çox diqqət mərkəzindədir. Əsas işsizlikdir ki, o da öz həllini tapıb. Bəzi kateqoriya üzrə büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılıb. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır.

- Bəlkə daha dəqiq olsun deyə Astara sakinlərinin sosial vəziyyətini rəqəmlərlə göstərəsiz.

- Bütün statistik rəqəmlər həmişə stolumun üstündə olur. Danışanda onlara istinad edirəm. Burda da göstərildiyi kimi, (bizi sənədlərlə tanış edir-A..H.). Ünvanlı sosial yardım proqramı hazırda 125 min ailəni əhatə edir. Ayda orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən ünvanlanan qayğıdır. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalıb. Ölkəmizdə iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların paylanması, texnikanın alınması, icarəyə verilməsi, fermerlərin gübrə və yanacağı güzəştli şərtlərlə əldə edə bilməsi, bir sözlə bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrinin icrası, elektrik xətlərinin, yolların, o cümlədən kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bugünkü inkişafa səbəb olub.

- Bəs niyə rayonlardan Bakıya işləmək üçün gələnlərin sayı azalmır?

- Bilmirəm, siz nəyə istinad edib belə deyirsiz. Amma rəqəmlər faktları əks etdirir. Çox istərdim ki, faktlarla danışaq. Regionlarda təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılıb və bu proses davam edir. Son illər ərzində isə 1 milyona qədər yeni iş yerləri açılıb. Bu ilin birinci yarısında iki vacib proqram qəbul edilib. Onlardan biri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramıdır. Bu proqramın işsizliyin tam aradan qaldırılmasında çox böyük təsiri olacaq. İkinci vacib proqram isə “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı” Proqramıdır. Bu proqram 2011-2013-cü illəri əhatə edir. Bu iki proqram 2011-ci ilin məhsuludur və bir də onu göstərir ki, bizim düşünülmüş siyasətimiz var, bu siyasət bütün sahələri əhatə edir.

- Astaranın Azərbaycan iqtisadiyyatında rolu nədən ibarətdir?

- Astara rayonu ölkə iqtisadiyyatının inkişafında öz layiqli yerini tutur. Rayonun yerli gəlirləri 1 milyon 200 min manata qarşı 1 milyon 465 min manat icra olub. Yerli xərclər isə 8 milyon 479 min manata qarşı 8 milyon 20 min manat təşkil edib. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 7 milyon 314 min manat dotasiya alınıb. Ümumi məhsul buraxılışında ciddi artım var. Bu artım sənaye sahələrinə, kənd təsərrüfatına, nəqliyyata, ticarət və pullu xidmət sahələrinə, tikintiyə, rabitəyə və başqa sahələrə aiddir.

- Bu il rayondakı abadlıq, quruculuq işlərinə nə qədər vəsait xərclənib?

- 2011-ci ilin 1-ci yarısında rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb. Rayonda inşaat işlərinin aparılması üçün 2011-ci ilin 1-ci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon 325 min manat məbləğində vəsait yönəldilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur. İnvestisiyanın 204 min manatı, istehsal təyinatlı obyektlərin, 34 milyon 121 min manatı qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilib. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi 12 milyon 96 min manat olub. İlin əvvəlindən rayonda ümumi sahəsi 3886 kv.m olan 30 fərdi yaşayış evi istifadəyə verilib. Rayonda yol-abadlıq işlərinin müntəzəm aparılması üçün lazımi təşkilatçılıq və konkret əməli tədbirlər görülüb. Prezidentin ehtiyat Fondundan ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işləri aparılıb, yeni hasarlar salınıb, səkinlərə tamet döşənib, bardür düzülüb və yeni işıqlandırma sistemləri quraşdırılıb. Kijəbə qəsəbəsində ümumi uzunluğu 4,5 km olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yolları əsaslı təmir edilərək asfaltlaşdırılıb. Yerli əhəmiyyətli Kijəbə-Təzəkənd-Qəcimardə avtomobil yolunda 4.5 km, Ərçivan-İstisu avtomobil yolunun 9 km məsafəsi, Siyaku-Şağlazüzə istiqamətində 2 km yol əsaslı təmir olunaraq asfaltlaşdırılıb. Şəhərdaxili yollara 7000 kv.m asfalt döşənib. Şəhərin bütün küçələrində təmizlik, abadlıq və yenidənqurma işləri aparılıb. Gənclər evi inşa edilib, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası və rayonun Vaqo kəndində Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi, 3000 tonluq taxıl anbarı, 2500 tonluq meyvə-tərəvəzin saxlanması üçün soyuducu kamera tikilib.

- Açıqlamanızdan belə məlum oldu ki, bütün sahələrdə yenidənqurma işləri aparılır. Rayonda tikinti quruculuq işlərini bitmiş hesab etmək olarmı?

- Rayon mərkəzi xəstəxanasının əsaslı təmirinə başlanılıb və hazırda işlər davam etdirilir. Heydər Əliyev parkında YAP Astara rayon təşkilatı üçün müasir memarlıq üslubunda hazırlanmış layihə əsasında 2 mərtəbəli inzibati binanın, şəhərin Heydər Əliyev prospektində Vergilər Nazirliyinin sifarişi ilə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi aparılır. Azərbaycan küçəsi 22 saylı ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilir. Yeni Qaz Kompressor Stansiyasının, Xəzər dənizinin sahilində turizm məqsədilə istirahət obyektlərinin, Olimpiya İdman Kompleksinin, “Astara-1” kiçik su elektrik stansiyasının və Siyakü kəndində 350 tonluq sitrus meyvələrinin saxlanması üçün soyuducu kameranın tikintisi davam etdirilir. Lovayın su anbarının əsalı təmiri və Pensər çayının Siyakü kəndi ərazisində sahilbərkitmə işləri davam etdirilir. 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni binanın tikintisi yekunlaşmaq üzrədir, Ovala, Deqədi kənd məktəbləri, Maşxan kənd uşaq bağçası, Texniki yaradıcılıq mərkəzində cari təmir işləri başa çatdırılıb, Siyatük, Lovayın, Rinə, Ərçivan 3 saylı və başqa məktəblərdə təmir davam etdirilir.

- Rəhbərlik etdiyiniz rayonda təhsilin səviyyəsindən razısızmı?

- Bu il 11-ci sinfi bitirən 1100 şagirddən 679-u attestat, 9-cu sinfi bitirən 1600 şagirddən 1200 nəfəri şəhadətnamə alıb. Məzunlardan 567 nəfəri ali məktəblərə qəbul olunmaqdan ötrü sənəd verib ki, bu da ötən illə müqayisədə 137 nəfər çoxdur.

- Rayonda sahibkarlığın vəziyyəti necədir?

- Rayonda sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində olub, fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Rayon İcra hakimiyyəti sahibkar və fermerlərin fəaliyyətinə daim qayğı ilə yanaşıb. Onlara dəfələrlə güzəştli şərtlərlə mineral gübrələr verilib, vaxtı - vaxtında subsidiyalar ala biliblər. Bilirsiniz, Azərbaycanın bütün rayonları gözəldir. Astara isə hamının gəlib qalmaq, yaşamaq istədiyi rayondur. Belə rayonda çalışmaq lazımdır ki, problemlər az olsun. Hətta xarici ölkələrdən Astaraya axın-axın turistlər gəlir. Onlara da Azərbaycanın belə gözəl yeri olduğunu göstərməliyik. Əlbəttə quruculuq fəaliyyətimiz davam edir. Düşünür ki, müalicəvi əhəmiyyətli qumu olan dəniz sahillərində yüksək standartlara cavab verən istirahət obyektlərinin tikilsə daha yaxşı olar. İstisu ərazisində də müalicə və istirahət etmək üçün hər cür şərait yaratmaq olar. Bir sözlə həm Xəzərin sahilində, həm də İstisu ərazisində turizmin inkişafı müalicə və istirahət mərkəzlərinin yaradılması üçün investisiya qoyulması vacibdir.

- 5 il əvvələ qədər rayonların əhalisi ciddi qaz problemi ilə üzləşib. Son illərdə demək olar ki, təbii qazdan istifadə etməyən bölgə yoxdur. Qazlaşdırma prosesini Astarada tam başa çatdıra bilmisizmi?

- Astarada böyük Qaz Kompressor Stansiyasının yenidən qurulması prosesi başa çatıb. Bu da həm Astara, həm ümumiyyətlə, Azərbaycanın qaz potensialının inkişafı üçün çox vacib layihədir, həm də yeni iş yerlərinin açılmasında xidmət göstərir. Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2011-ci ilin birinci yarısında 461 evə qaz xətti çəkilib, 8733 p/m müxtəlif diametrli qaz xətləri üzərində təmir-bərpa işləri aparılıb.

- Rayon gəncləri ilə görüşləriniz olur?

- “Gənclər Evi”ndə 24 may 2011-ci il tarixdə “Narkomaniyasız XXI əsr”, “Narkomaniya-uçuruma aparan yol”, 31 mart 2011-ci il tarixdə rayon İcra hakimiyyəti, Azərbaycan Tibb Assosiasiyası, “İrəli” İctimai Birliyi, rayon Gənclər və İdman idarəsi tərəfindən “31 may-dünya tütünlə mübarizə günü” mövzularında tibbi maarifləndirmə konfransı və rəsm əsərlərinin müsabiqəsi keçirilib. Bu konfranslarda rayon gəncləri qarşısında çıxışlarım olub.

- Astara həm də çayı ilə məşhurdur. Plantasiyalardan yığılan çay haralara idxal olunur?

- Çayçılığı inkişaf etdirmək məqsədilə çay plantasiyalarında 120 ha sahədə aqrotexniki qulluq işləri həyata keçirilib. Çayçılıq üçün əlverişli şəraiti olan Şüvi ərazi nümayəndəliyindən 200 hektardan çox sahə əkin üçün hazırlanıb, bu məqsədlə 1,5 milyona qədər şitil yetişdirilib. 2011-ci ilin birinci yığımında 230 tona yaxın yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verilib.

- Prezidentin tez – tez bu rayona səfərlər edir. Rayondakı quruculuq işlərindən narazı qaldığı məqamlar olmayıb ki?

- Cənab İlham Əliyevin Astara rayonuna səfəri, ictimaiyyətimizin nümayəndələri ilə səmimi və mehriban görüşü, dərin məzmunlu çıxışı, bir sıra mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı astaralıların qəlbində dərin qürur və sevinc duyğuları yaradır. Biz bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayır və rayonumuza göstərdiyi bu qayğı və diqqətdən hədsiz fərəh və minnətdarlıq hissi keçiririk. Rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, abidənin yerləşdiyi parkda aparılmış abadlıq quruculuq işləri ilə tanış olub. Heydər Əliyev Mərkəzinin, Astara-Bala Şahağacı avtomobil yolunun, Dövlət Bayrağı Meydanında Gənclər Evinin, Astara Gömrük İdarəsinin, Astara Qaz Kompressor Stansiyasının açılışlarında, “Astara-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib, Astara Olimpiya İdman Kompleksində işlərin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib. Rayon ictimaiyyəti ilə görüşü zamanı möhtərəm cənab İlham Əliyev son illər Astara rayonunda görülən işlərdən razılığını bildirib. Cənab İlham Əliyevin Astara rayonuna səfəri və ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri zamanı rayonumuz haqqında söylədiyi xoş fikirləri bütün astaralıların böyük sevincinə və ruh yüksəkliyinə səbəb olub.

Aynurə Həsənova






26 Sentyabr, 2011  16:12 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner