Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP-çı MÜXALİFƏTÇİLƏRİ MALİYYƏ HESABATI İLƏ HƏDƏLƏDİ

Müxalifət isə bu hədəyə “maliyyə var ki, hesabatını da verək” deyə cavab verdi 

Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulan "Siyasi partiyalar haqqında" qanun layihəsi partiyaların maliyyə hesabatı verməsini tələb edəcək. Bu barədə cümə axşamı Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, hazırda siyasi partiyaların maliyyə hesabatı verməməsi partiyaların maliyyə mənbələrini gizlətməsi ilə bağlıdır. Mirzəzadə hesab edir ki, bu məsələni hamıya aid etmək olmaz.

"Partiyaların bir qisminin bu gün maliyyə vəziyyəti bərbaddır. Bir qismi fəaliyyətində Bakıdan çıxa bilmir, bir qismi isə sadəcə olaraq maliyyə mənbələrini gizlətməyə çalışır. Böyük ofisləri, böyük aparatları, xarici səfərləri və s. olan partiyalar hesabat vermirlər və bunların bir qayda olaraq dostların köməyi ilə edildiyini deyirlər. Yeni qəbul olunacaq qanunun gücü onda olacaq ki, partiyaya istənilən yardım mütləq partiya kassası vasitəsilə ediləcək və bu, maliyyə hesabatında öz əksini tapacaq. Gələcək qanunda maliyyə hesabatı verməyən partiyalara qarşı sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulmalıdır", - Mirzəzadə əlavə edib.

O hesab edir ki, əgər söhbət maliyyə mənbəyinin gizlədilməsindən gedirsə, burada çirkli pullar var, xaricdən maliyyələşmə var, partiyanın həqiqətən də böyük maliyyə imkanlarına malik olduğunu cəmiyyətdən gizlətmə istəyi var.

"Bəzən müxalifət partiyaları gizlətmirlər ki, xaricdən maliyyələşirlər. Xaricdən maliyyələşən partiyaların Azərbaycanın milli maraqlarını qoruyacağı böyük sual altındadır", - o əlavə edib.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Azərbaycanda siyasi partiyaların maliyyələşməsi ilə yanaşı, maliyyə hesabatları vermələri də ciddi problemə çevrilib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bizimlə söhbətində bildirdi ki, partiyada maliyyə işlərinə xəzinədar baxır: "Hesabatlar mütəmadi olaraq verilir. Maliyyət hesabatları həm illik olur, həm də qurultayda. Ola bilsin, bu oxucularınıza gülməli görünsün, Klassik Xalq Cəbhəsi Partiyasının çox kasıb maliyyəsinin hesabat məsələsinə qurultayda ciddi yanaşılır. Hər bir məqam ciddi müzakirə olunur".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev maliyyə hesabatını formal olaraq verdiklərini bildirdi: "Hazırkı hakimiyyətin yürütdüyü siyasət nəticəsində Vətəndaş və İnkişaf Partiyasında maliyyə məsələləri arxa plana keçib. Düzdür, maliyyə məsələlərinə baxan şəxs var. Formal olaraq onlar maliyyə hesabatı verirlər. Yəni olmayan maliyyənin hesabatını kimdənsə tələb etməyin özü doğru deyil".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, partiyanın maliyyə hesabatı mətbuatda dərc edilir: "Sosial Müdafiə Fondunda, müvafiq qurumlara lazımi sənədlərimizi göndərir, vergimizi ödəyirik. Bu sahədə bizim heç bir problemimiz yoxdur".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə sualımıza "maliyyə var ki, onun da hesabatı olsun" deyə cavab verdi: "Mən sizə bir hadisə danışım. 1999-cu ildə Ədliyyə Nazirliyi bizim partiyanın fəaliyyətini yoxlayırdı. "Fəaliyyətin nizamnaməyə uyğunluğu" adı altında yazıqlar iki-üç ay işlədilər. Rayon təşkilatlarını yoxladılar. Heç nə tapmadılar. Amma Ədliyyə Nazirliyi istəyirdi ki, işimizdə hansısa nöqsan tapsın. Nöqsan kimi onu göstərdilər ki, bizdə baş mühasib yoxdur. Nazirliyin Akif Rəfiyev adlı işçisinə nizamnaməni göstərərək dedim ki, baxın görün burada baş mühasib sözü yazılıbmı? Bizdə maliyyə məsələlərinə Mərkəzi Nəzarət Komitəsi baxır".

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirdi ki, partiyaların maliyyə hesabatı verməsi qanunvericilikdə birmənalı tələb olunmur. Çünki siyasi partiyalar ianələr şəklində aldığı maliyyə hesabına fəaliyyət göstərir: "Biz dövlətdən pul almırıq ki, onun da hesabatını verək. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi öz həllini tapacağı təqdirdə onlar hansısa qurum qarşısında hesabat verə bilər.

Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən qəzetimizə bildirildi ki, onlar dövlətdən maliyyələşmədikləri üçün hesabat da vermirlər. Qurultayda məsələyə toxunulur, amma hesabat verilmir. Çünki ortada maliyyə yoxdur. Partiyada üzvlük haqqının verilməsində də problemlər var. Maliyyə partiya üzvlərinin ianəsi hesabına əldə olunur.

RAMİL






1 Sentyabr, 2011  21:24 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner