Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BU GÜN MÜSLÜM MAQOMAYEVİN DOĞUM GÜNÜDÜR

Elə sənətkarlar var ki, onların səsi heç vaxt öz təravətini itirmir, daim təzə-tər qalır, nə qədər dinlənilsə belə hər dəfə insana yeni gəlir

Belə səs sahiblərini Allahın xoşbəxt bəndələri adlandırmaq olar. Ən azı ona görə ki, onların oxuduqları mahnılar daha şirin, daha cazibədar və bənzərsizdir.

AzərTAc xəbər verir ki, avqustun 17-də anadan olmasının 69-cu ildönümünü qeyd edəcəyimiz Müslüm Maqomayev də belə səs sahiblərindəndir. Tanrının bəxş etdiyi bənzərsiz səsi ilə o, milyonların ürəyinə yol tapmışdı, qəlbləri fəth etmişdi...

Artıq 3 ildir ki, avqustun bu əlamətdar gününü Müslümsüz qeyd edirik. Həmin gün musiqisevərlər Bakıdakı Fəxri xiyabanda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzürlər.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. Birinci dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə qədəm qoyan M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıtmışdır. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Milanın “La Skala” Teatrında təcrübə keçmiş, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlamışdır.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında oxuyur, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar.

Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm gətirmişdi, ona 31 yaşında SSRİ Xalq Artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl bəstəkar, bənzərsiz mahnılar müəllifi idi. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasındadır. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdir.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az olur. Görkəmli müğənni ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı, yaraşığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdi.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olmuşdur.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Bu gün böyük sənətkarın adının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu işlərin məntiqi davamı bu ilin iyulunda Müslüm Maqomayevin Bakıda yaşadığı evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olmuşdur.

Dünyanı fəth edən fitri istedad sahibi Müslüm Maqomayevin ölümündən üç il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi dünyasının ən parlaq ulduzlarından olan Müslüm Maqomayevlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.






17 Avqust, 2011  12:51 Baxılıb: 1203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner