Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb. Simsar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın.
“Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün, Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”, - sərəncamda deyilir.