|
Bu gün Şahın doğum günüdür!
Şah İsmayıl mərkəzləşmiş Azərbaycan dövləti yaratmaq və Ağqoyunlu dövlətinin tərkibində olan əraziləri bu dövlətin tərkibinə qatmaq uğrunda mübarizəyə başı qarışdığı dövrdə Məhəmməd Şeybani xan Xorasanı ələ keçirməyə çalışırdı. 1507-1508-ci illərdə Şeybanilər Xorasanı ələ keçirdikdən sonra Kirman və Yəzdə talanedici yürüşlər edirdilər. Onlar Xorasan uğrunda mübarizəni şiələrə qarşı “müqəddəs müharibə” şüarı ilə həyata keçirirdilər. Xorasan uğrunda mübarizə Səfəvilərlə Şeybanilər arasında düşmənçiliyə səbəb olmuşdu. Şeybani xanın I Şah İsmayıla göndərdiyi məktubda hakimiyyətdən əl çəkməsi, tabe olması haqqında sərt tələbləri müqabilində İsmayıl onun yanına iki dəfə elçi göndərərək yürüşləri dayandırmağa çağırdı. Şeybani xan cavabında bildirdi ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. O, Səfəvi şahına darğa kimi müraciət etmişdi. I Şah İsmayıl isə cavabında bildirdi ki, o, Məşhəddəki səkkizinci İmam Rza məqbərəsini bir “dərviş” kimi ziyarət etmək niyyətindədir və buna görə də Xorasana qoşunla gələcəkdir. 1510-cu ildə I Şah İsmayıl Xorasan üzərinə yürüşə başladı. O, Cam yaxınlığında əsir götürdüyü özbək əsgərlərindən Şeybani xanın Mərvdə olduğunu öyrəndi. Ona görə də qoşunu Herata doğru deyil, Mərv üzərinə göndərdi. Şeybani xanın qızılbaşlara qarşı göndərdiyi ordu məğlubiyyətə uğradı. I Şah İsmayıl noyabrın 28-də Mərv qalasına yaxınlaşdı. Mərv qalasının möhkəmliyini görən İsmayıl Şeybani xanı qaladan çıxarmaq üçün hiyləyə əl atdı. Ordunu qalanın mühasirəsindən çəkərək, şəhərin 3 fərsəxliyində (10 km) yerləşdirdi. Əmir xan Mosullunu isə bir dəstə ilə qalanın ətrafında olmağı, Şeybani xan qaladan çıxarkən “qaçmağa üz qoymağı” tapşırdı. Şeybani xan I Şah İsmayılın Azərbaycana doğru geri çəkildiyini zənn edərək qaladan çıxdı və Mosullunun 300 nəfərlik dəstəsini təqib etməyə başladı. Bu zaman I Şah İsmayılın göndərdiyi elçi gətirdiyi məktubu Şeybani xana çatdırdı. Məktubda I Şah İsmayıl geri çəkilmək məcburiyyətində qaldığını, qışı Xorasanda qalaraq yazda özbəklər üzərinə yenidən yürüş edəcəyini bildirirdi. Məktubu oxuduqda Şeybani xan qızılbaşların həqiqətən geri çəkilməsinə inandı və onlar üzərinə hücum etmək qərarına gəldi. 1510-cu il dekabrın 1-də Şeybani xan İsmayılın əsas qoşunu ilə qarşılaşdı. Sayca çox olan qızılbaşlar Şeybani qoşununu darmadağın etdilər. Məhəmməd Şeybani xan öldürüldü. Mərv qələbəsi nəticəsində Amudəryaya qədər bütün Xorasan Səfəvilərin hakimiyyəti altına keçdi. Herat, Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasan Azərbaycan Səfəvi dövlətinin tərkibinə qatıldı. I Şah İsmayıl ələ keçirdiyi bu ölkələrdə siyasi birlik yaratmaqla, böyük bir imperatorluq yaratmağa nail oldu. İmperatorluq Fəratdan Qəndahara, Qafqazdan Hind okeanına qədər 2.800.000 km2 –dən ibarət geniş bir ərazini əhatə edirdi.
Hikmət Həsənov
17 İyul, 2021 11:12 ⁄ Baxılıb: 3707 ⁄ Çap
Bu bölmədə
|
|
|