Paytaxt Bakının, Ürək Bakının, qədim Bakının Azadlıq Meydanı 10 dekabr 2020-ci ildə adına layiq böyük gün yaşadı.
Üfüqügeniş Azərbaycanın mənası özündən böyük Bakısının baş meydanında Vətən Müharibəsində Tarixi Qələbəyə ad edilmiş Zəfər Paradı keçirildi. Nazilsə də üzülməmiş Ümidin Paradı, İnam Paradı, Qardaşlıq Paradı, Xeyirin Şər üzərində Qalibiyyət Paradı! Səmimiyyət Paradı! Parad kimi Parad yəni!
Bugünü çox gözləmişdik. Uzun sürən həsrətimizdi Qarabağ. Bizim gözləntimizin bunca uzun çəkməsinə baxmayaraq, inamımız inam yerindəydi. İnam işin yarısıdır, biz onu hamısı elədik. Biz – dövlət-xalq birliyinin təntənəsini yaşadıq. Bu birlik sarsılmazdır.
Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirdi. İki il öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən paradda da qardaş ölkə Prezidenti iştirak etmişdi. Azərbaycanla Türkiyənin qardaşlığı, dostluğu, qonşuluğu əvəzsiz nemətdir, qürurumuzdur! Belə intensivliklə qonşu ölkənin hərbi Paradına gələn daha kim var? Başqa hansı ölkələrin Prezidentləri bunca sıx-sıx görüşür, dərdləşir, uğurlaşır? Burada, bir məqamı illa da vurğulamalıyıq: bizim kimi bir-birinə yaxın olan başqa xalqlar, dövlətlər var, ancaq onların heç də hamısı hazırda qardaş kimi qardaş, qonşu kimi qonşuluq edə bilmir. Demək, Prezident Əliyevlə Prezident Ərdoğanın siyasi iradəsi minnətdarlıqla deyilməlidir. Xalqlarımızın kökü birdir, ağrı-acısı birdir, sevinci birdir. Dövlət başçılarımızın birlik ruhunu uca tutması, onu daha da zənginləşdirməsi, öz töhfələri ilə çıxış etməsi ortaq keçmişdən ortaq gələcəyə yol cızır.
Dünyada müxtəlif birlik modelləri var, örnəyi, Avropa Birliyini fərqləndirə bilərik. Bizim – türk dövlətlərinin daha mükəmməl birlik yaratma imkanları var, çünki Avropa Birliyi üzvlərindən fərqli olaraq, bizim ortaq keçmişimiz olub, ortaq gələcək inşaa etməyimiz də daha təbii, daha məntqili və zəruridir. Bakıda keçirilən Zəfər Paradından söz açarkən nə üçün ümumtürk birliyinə vurğu edirəm? – Heç kəsə sirr deyil ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ümumtürk ictimai-siyasi, sosial-iqtisadi həyatına və psixoloji ovqatına təsirsiz ötüşə bilməz. Çünki Azərbaycan Orta Asiyadakı qardaşlarımızla həmişə müstəqil qardaş ölkə arasındakı bağdır, geopoliktik körpüdür. Və söhbət məhz Zəfər Paradından gedir. Çünki 10 noyabr tarixli Üçtərəfli Bəyanatın bir maddəsi Naxçıvanımızla Qərb rayonlarımızı birləşdirəcək nəqliyyat infrastrukturunun inşaasını nəzərdə tutur. – İctimai fikir bu yolu Türk yolu, Turan koridoru kimi qəbul edir.
Bu umkanları Azərbaycan Dəmir Yumruğu təmin edib. 10 noyabr Bəyanatının 1 ay tamamında keçirilən Paradda Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin şəxsi heyətinin, Ordumuzun texniki, texnoloji imkanlarının nümayişi həyata keçirildi. Paradda Türkiyəmizin hərbçiləri də nümunəvi keçid etdi. Bu Parad dosta sevinc, düşmənə göz dağı oldu. Biz kimnsə düşməni deyilik, “biz insanlığa düşmən olanların düşməniyik” (M.K.Atatürk). XX yüzilin sonu – XXI yüzilin əvvəlində dünyada faşizmin əsas təmsilçi Ermənistan haqsız, əsilsiz iddialarla, yersiz tələblərlə çıxış edərək, bizi özünə düşmən elədi, araya nifaq saldı. Bu işin babalı elanolunmamış müharibəni edənlərin üzərindədir, Xocalı soyqırımını törədənlərin üzərindədir. Söhbət nədən gedir? – Öz kasıb ölkəsinin qayğıları ilə məşğul olmaqdansa, boyundan yuxarı tullanmağa çalışan Ermənistan siyasi-hərbi rəhbərliyinin istər valyuta, strateji məhsullar qarşılığında, istərsə də siyasi limitini xərcləyərək əldə etdiyi bahalı hərbi texnikaların bir qismi Azadlıq Meydanındakı Paradda sərgiləndi. – Tankla, topla Bakıyadək gəlmək hədələri ilə özlərini gülünc vəziyyətə salan Ermənistan hərbçilərinin bəzi sözləri “çin” çıxdı – bugün paradda hərbi qənimət kimi onların çoxsaylı texknikası nümayiş olundu. Düşmənin bir çox bahalı hərbi texnikası, avadanlığı ələgəlməz şəkildə məhv edilib; Parada da zatən az qismi gətirilmişdi. – Bax, Ermənistan gerçəkliyi budur: kasıb, yarıac əhalinin boğazından kəs, silahlanmaya pul xərclə, sonra da, o texnikanı da meydanda qoy, qaç…
Ermənistan nə müharibə kimi müharibə apara bilmədi, nə sülh kimi sülhə hazır deyil. Çünki dövlət ola bilmədi, müstəqil dövlət heç ola bilmədi. Ona görə də, cənab Prezident dediyi kimi, endirməlidir o bayrağı dirəkdən, büküb qoymalıdır cibinə, getməldir işinin dalınca…
Bugünkü Parada Ermənistanda da baxıblar, sosial şəbəkələrin erməni seqmenti iştirakçılarının bu Paraddan, Paradda verilən ismarınclardan sonra öz hökumətlərinə, gəlmişinə-keçmişinə demədiyi qalmayıb. Daha da betər olacaq. Qarşıda soyuq qış ayları var. Ermənistanın boş dövlət xəzinəsi ilə, “bezpridel” hökuməti ilə, bir-birinə ittiham yağdıran, “Qarabağlı”, “Ermənistanlı” ayrıseçkiliyini – ağzıpozuqluğu zirvəyə dırmandıran siyasi qüvvələri ilə nə qarın doyar, nə xəzinə… İşğal altındakı Azərbaycan torpaqlarından uzun illər istifadə edib, bir təhər məhsul bolluğu, taxıl ehtiyatı-filan yaratmışdılar bəlkə, artıq o imkanlarını da sıfırladıq. Sıfırladıq qızıl yataqlarımızı istismar etmələrini. Narkoticarət yollarını tarmar eləmişik onların. Təbii ehtiyatlarımıza vurduqları ziyanları hesablayırıq və bədəlini, əlbət, ödədəcəyik.
Bütün bunların baiskarı Ermənistanın dünənki, bugünkü siyasi-hərbi rəhbərliyidir, gələcəkdəki Ermənistan siyasi-hərbi rəhbərliyi də eyni yanlışın içində olsa, o bayraq o dirəkdən illa da enəcək. Ensin də zatən…
*
Paradda nümayişi olan hərbi gücümüzün göstəriciləri:
- 3000 nəfərdən artıq şəxsi heyəti,
150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş çağdaş hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər...
Hərbi keçid boyu hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa edirdi.
Nəfəsli çalğı alətlərinin hamısının birlikdə çaldığı parçalar, təntənə ayrı bir gözəllikdi. Bəli, Qarabağda torpağı havalanan, qaçqınına-köçkününə nəfəs gələn Azərbaycana fanfara yaraşır. Qarşı tərəfdə nə var-nə yox? – Mən özümüzü mənəviyyatsız bir topluma tay tutmaq istəməzdim, söz gərəyi “qarşı tərəfdə nə var-nə yox?” yazıram. Bilirik, nə baş verir orda; yuxarıda da vurğulamışıq zatən. 90-cı illərdə bizə yaşatdıqlarını özləri də yaşamalıdır; 30 il boyu sevincimizi kəm, bir gözümüzü ağlar edən Ermənistan Ermənistanlılıqdan çıxmalıdır. 100-102 il boyu bizim tarixi torpaqlarımız İrəvan, Göyçə, Zəngəzur hesabına dövlət olacaqdılar guya, bugün açıq-aydın görünür ki, uğursuz dövlətin təkidir Ermənistan. Ermənistanın özünə belə xeyri yoxdur. – XXI yüzilin 20-ci ilinin 12-ci ayında dünyadakı nadir monoetnik ölkədən danışırıq. Üstəlik, özü monoetnik ola-ola bizi dini, mədəni dözümsüzlükdə “ittiham” edir rəsmi İrəvan. Nə “gözəl İrəvan”, bə!..
*
Azərbaycanın 10 dekabr Zəfər Paradı qalibiyyətimizin bayramıydı!
Gücümüzün nümayişiydi Parad!
Parad Şəhidlərimizin ruhuna ehtiramın, minnətdarlığın rəmziydi!
Bu, qazilərimizə şükran borcumuzuydu!
Azadlıq Meydanındakı möhtəşəm Parad 44 günlük uğurumuzun təsadüflərin məhsulu olmadığını, qanımız-canımızla, fədakarlığımızla əldə olunmuş başarı olduğunu ifadə etdi!
Parad Azərbaycanın öz əvəzsiz qardaşı Türkiyəyə mənəvi, siyasi-diplomatik dəstəyinə görə təşəkkür təntənəsiydi!
Zəfər Paradımız Böyük Sabahların müjdəçisdir!
Azərbaycan və daxil olduğumuz bölgə yeni dönəmə, fazaya keçir. Bu işin açarı Tarixi Zəfərimizi yazanların əli ilə onarılıb!
Sözlərimi Prezidentlərin Paraddakı çıxışından sitatlarla tamamlayıram:
Azərbaycan Prezidenti İlham Əliyev:
“Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:
“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”.
Bu yerdə əlavə sözə ehtityac varmı?
Qardaşlıq və qalibiyyət bayrağımız uca olsun!
Əkbər Qoşalı Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı