Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva doğum gününü qeyd edir.
Simsar.az xəbər verir ki, Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də digər sahələrdə – musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində də şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.
Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun yaradıldığı gündən – 10 may 2004-cü ildən rəhbərlik edir. 2005-ci və 2010-cu illərdə Azərbaycan parlamentinin deputatı seçilib. Hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilib.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunub.
Ailəlidir, iki qızı, bir oğlu, 5 nəvəsi var.