Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli “facebook” vasitəsilə məlumat yayıb. Jurnalist məlumatda evin ünvanını da yazıb və ödənişin O. Quluzadənin təsisçisi olduğu şirkət tərəfindən yerinə yetirildiyini açıqlayıb:
“Deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue küçəsi, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait “UGANO LTD” vasitəsilə “Hampshire Trust Bank PLC” üzərindən ödənilib”.
C. Həsənli bildirib ki, bu ev Ülvi Quliyevin Londonda aldığı sayca 5-ci evdir:
“Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:
London, Squires lane 124 (565 min funt sterlinq)
London, Sellincourt road 149 (425 min funt sterlinq)
London, Sellincourt road 151 (500 min funt sterlinq)
London Barnet, Mays lane 20 (750 min funt sterlinq).
Ülvi Quliyevin oğlu “UGANO LTD”-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək “GUANO LTD” adı ilə fəaliyyət göstərib.
2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub”.
Məsələ ilə bağlı Ülvi Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.