“Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki və strateji obyektlərin hədəfə alınması ilə bağlı siyasət yoxdur. Ermənistan bu kimi məsələlərdən dezinformasiya kimi istifadə edir”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuzdakı təxribatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda “İsgəndər” raketi vasitəsilə müxtəlif vaxtlarda Mingəçevir su anbarını vurmaqla bağlı hədələr səsləndirilib.
“Həmçinin, strateji obyektlər olan neft-qaz boru kəmərlərimizi hədəfə alacaqları ilə bağlı açıqlamalar veriblər. Azərbaycanın isə hər hansı strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alınması məqsədi yoxdur.
Onlar bu kimi dezinformasiyalarla məsələdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər”, - deyə o əlavə edib.
H.Hacıyev qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif vaxtlarda Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirməklə bağlı ifadələr də işlədiblər. Azərbaycan tərəfindən “Metsamor”un vurulması ilə bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir.
“Bu fərdi istiqamətdə olan fikirdir. Ermənistan “Metsamor” məsələsini məqsədyönlü şəkildə siyasi şouya çevirib”.