Ötən ay AMEA üzvlərinin koronavirusa şeir yazacağı barədə məlumat yayıldı. Məlumatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının müxtəlif sahələrə, o cümlədən koronavirusa dair şeir yazacaqları bildirilirdi.
O zaman xəbər mediada, eləcə də sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu, əksəriyyət bu təşəbbüsü qınadı.
Maraqlıdır, bəs görəsən AMEA üzvləri bu müddət ərzində koronavirusa şeir həsr edə bildimi?
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA üzvlərindən hələ heç kimin koronavirusa şeir yazmadığını bildirərək, bu məsələnin şişirdildiyini qeyd edib:
"AMEA üzvlərindən heç kim koronavirusa aid şeir yazmayıb. Bu barədə məlumatı bəzi saytlar şişirtdilər. Hələ ki bir adam belə mənə deməyib ki, koronavirusa aid şeir yazmışam. Akademiya üzvlərindən birinin iki qohumu koronavirusa yoluxmuşdu, onlar sağalandan sonra həmin şəxs sadəcə həkimə təşəkkür məktubu kimi şeir ünvanlamışdı. Akademiyada koronavirusa aid şeirlər yazılmır, tədqiqatlar aparılır".
Vitse-prezident AMEA-da koronavirusa qarşı hazırlanan vaksin tədqiqatları ilə bağlı da danışıb: "AMEA-da koronavirusla mübarizəyə dair müxtəlif inistutlarda tədqiqatlar aparılır. Bu istiqamətdə daha çox Biologiya və tibb elmləri bölməsinin alimləri çalışırlar. Botanika İnistutunda dərman bitkiləri, endemik ağacların yetişdirilib təbabətdə istifadəsi üçün işlər aparılır. Eyni zamanda, xalq təbabətinin insanın immun sistemini gücləndirməsində rolu ilə bağlı da alimlərimiz tədqiqalar aparır. Akademiyanın bir müxbir üzvü Tərlan Məmmədov türkiyəli alimlərlə birgə koronavirusa qarşı vakinin hazırlanması üzərində çalışır. O vaksinin bitkilərdən alınacağı ilə bağlı hələ mart ayında açıqlama vermişdi. Lakin işlər hələ davam edir".