"Bu yazıq insan üçün deyirsiniz ağır halda yerləşdirilib. İVL aparatına qoşulmuş olanda səs yazıb, yoxsa arada aparatdan ayrılıb və səsini yazıb? Heç olmasa araşdırmanız bir az uzun çəkəydi. Biz də unudardıq. Heyiflər olsun... Çox-çox heyiflər...".
Yeniavaz.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə sosial şəbəkədə AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin yayılan səs yazı barədə verilən rəsmi açıqlamaya münasibət bildirərkən deyib.
Həkim eyni zamada Agciyər Xəstəlikləri İnstitutunda tibbi qoruyucu vasitələrin yox dərəcəsində olduğunu vurğulayıb:
“Təbibin mətbuat katibi Rəvanə xanım, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız? Bu nə açıqlamadır. Bunu deməkdənsə susun, biz də dərdimizi çəkək. İnfarkt olma həddinə gəlmişik. O gün də oxuyuram açıqlama verib ki, Agciyər Xəstəlikləri İnstitutunda yoluxma kütləvi deyil. Siz hələ ora verdiyiniz tibbi qoruyucu vasitələrdən danışın, hansı ki, epidemiya başlayandan yox dərəcəsində olub. Orta - kiçik tibb işçiləri həmişə bu barədə iradını bildirib. Epidemiya pik həddə çatanda artıq oradan vərəm xəstələri ayrıldı”.
Qeyd edək ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ötən gün AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin səs yazısı barədə açıqlama verib. Açıqlamada qeyd olunub ki, xəstəxanaya daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub. Dərhal reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.