Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 119 ali təhsil müəssisəsi və elmi təşkilatda 2850 nəfər doktorant təhsil alıb və onlarda 55%-i qadın olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, təhsil alanların 78,6%-i fəlsəfə, 21,4%-i isə elmlər doktoru proqramları üzrə təhsil alıb.
Təhsil alanların 36%-i elmi müəssisə və təşkilatlarda, 64%-i isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,7% və 66,3%, elmlər doktoru proqramı üzrə isə 44,2% və 55,8% təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,6%-i 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 30,1%-i 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2239 nəfərin 365-i iqtisad, 310-nu filologiya, 265-i texnika, 177-si aqrar, 142-si tibb, 116-sı riyaziyyat, hər birində 104 nəfər olmaqla siyasi və biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 102 nəfər filologiya, 83 nəfər aqrar, 60 nəfər tarix, 59 nəfər biologiya, 58 nəfər texnika, 51 nəfər iqtisad, 49 nəfər kimya, 21 nəfər tibb, 20 nəfər yer, 19 nəfər hüquq elmləri, 19 nəfər sənətşünaslıq, 70 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2018-ci illə müqayisədə 2019-cu ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 30,4% azalaraq 421 nəfər, elmlər doktoru proqramı üzrə isə 26,3% artaraq 118 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 4,8%, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 15,2% azalaraq müvafiq olaraq 633 və 140 nəfər təşkil edib.
Bununla yanaşı, 2019-cu ildə fəlsəfə doktoru proqramı üzrə 728 dissertant təhkim olunub ki, onların da 71%-ini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı 126 nəfəri qadın olmaqla 249 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunublar.