Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-nın Dövlət Katibi Xilari Klintonla görüş keçirmişdir, XİN-in məlumatında deyilir.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə etmişlər. Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırmış, öz növbəsində Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını demişdir.
Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə Azərbaycan tərəfinə ABŞ-nın minnətdarlığını bir daha çatdırmışdır. Sonra tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Elmar Məmmədyrov Serbiya Xarici İşlər Naziri Vuk Yeremiç, Avstraliyanın Xarici İşlər Naziri Kevin Rud, Ukraynanın Xarici İşlər Naziri Konstantin Qrişonko ilə ikitərəfli görüşlər keçirmişdir. Sözügedən görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.