 
                    Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 
 
 Dövlət başçısına məlumat verilib ki, Bakı şəhərinin su təchizatının  yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə  əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il  martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu  tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib. 
 
 Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış  262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə  nəqlini təmin edəcək. 
 
 Layihə çərçivəsində sugötürücü qovşaqda və Bakı şəhərinin girişində su  anbarları, xlorlama qurğuları, idarəetmə aparatı və laboratoriya üçün  binalar, kamera, emalatxana, maşın-mexanizmlər üçün qaraj, su  bölüşdürücü və digər qurğular tikilib. 
 
 Su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə  vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə etmək məqsədi ilə  SCADA sistemi tətbiq edilib. Bakı şəhər su şəbəkəsinin müxtəlif  sahələrində böyük miqyaslı yenidənqurma işləri aparılıb. 
 
 Prezident İlham Əliyev Bakı şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb. 
 
 İnşaatçıları təbrik edən dövlət başçısı onlara uğurlar arzulayıb.
DİGƏR XƏBƏRLƏR