 
                    Azərbaycan Yaşıllar Partiyası (AYP) Gürcüstan Yaşıllar Partiyası və Ermənistanın qeyri-hökumət təşkilatları ilə “Regionun dayanıqlı inkişafı naminə Azərbaycan, Gürcüstan və Ermənistan siyasi partiyaları, QHT-ləri arasında razılaşma” imzalayıb.
AYP sədri Mais Güləliyev APA-ya  açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, regionda sülhü təmin  etmək, ekoloji problemlərin həllinə nail olmaq və uzunmüddətli dayanıqlı  inkişafı təmin etmək məqsədilə Koordinasiya Mərkəzi yaradılıb:  “Görüşlər 11, 12 və 13 fevral tarixlərində Tiflisdə keçirildi. Müqavilə  sənədini Gürcüstanın Yaşıllar Partiyası və QHT-ləri, Ermənistandan bir  neçə QHT, Azərbaycandan isə Yaşıllar Partiyası olaraq mən imzaladım.  Həmin sənədin əsas ideyası ondan ibarətdir ki, qlobal dünyada baş verən  hadisələr, xüsusilə enerji sistemi, ekoloji və ərzaq problemi hazırda  hər bir ölkənin qapısının kandarında dayanıb. Bu qlobal təhlükələr həm  Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün vacib problemdir,  bölgədə təhlükəsizliyə, dayanıqlı inkişafa ciddi təhdidlər yaradır. Ona  görə də bu problemlərin həlli istiqamətində üç ölkənin siyasi  partiyaları və QHT-ləri səyləri birləşdirmək qərarına gəlib. Bundan  başqa, sənəd bir şeyə də diqqəti yönəldir ki, Cənubi Qafqazda sülhün,  əmin-amanlığın təmin edilməsi, regional konfliktlərin dinc yolla həlli  üçün bu ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri və siyasi partiya  təmsilçiləri bir araya gəlib səylər göstərirlər”.
 
 Aprelin əvvəlinə qədər müqavilə imzalamış tərəflər Strateji Fəaliyyət  Planı hazırlayacaq. Plan qarşıdakı 5 il üçün nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR