 
                    Vaqifdən bir də olmayacaq
Bu gün səhərdən fikrimdən yalnız bir şeirin misraları  keçir. Nə qədər istəyirəm ki, başqa ruhda köklənim, alınmır:
“Bu gün Bakı  fikirdədir, göy sükutda dəniz lal,
Nə meh əsir, nə titrəyir ağacların  yarpağı.
Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual,
Bu gün çatmış  qaşlarını Azərbaycan torpağı...”
Bu misraları Səməd Vurğun general Həzi  Aslanovla vida mərasimində söyləyib. Müharibədə generalını itirən torpağın  qaşları necə çatılarsa, bu gün də Azərbaycan mədəniyyətinin qaşları elə çatılıb.  Azərbaycan Teatr sənəti öz generalını son mənzilə yola salır. 
Son  səhnə
Bir vaxtlar ilk müstəqil teatr studiyasının özülünü qoyduğu  səhnədə, “Aktyor evi” nin səhnəsində elə o vaxtlar olduğu kimi yenə əməkdar  incəsənət xadimi Vaqif İbrahimoğlunun başına toplaşıblar. Tələbələri, sənətindən  öyrənənlər, bəhrələnənlər, onu sevənlər. Bu sonuncu dəfədir. 
Bir vaxtlar  mizan verdiyi, ustad dərsləri keçdiyi, ilk müstəqil teatrının premyeralarını  keçirdiyi səhnədə indi onunla vida mərasimidir. 
Mərasim boyu Vaqif  İbrahimoğlunun müsahibələri, dərs prosesi, məşq prosesi cansız pərdə vasitəsilə  canlandırılır. 
Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev  “Təəssüflə hamımızı kədərə qərq edən bir mərasimi açıq elan edirəm ” - deyə  Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixindəki rolundan, xidmətlərindən  danışır: “ İlk sənət fəaliyyətinə başladığı Gənc Tamaşaçılar Teatrının  çərçivələrinə sığmayan Vaqif 20 ildən artıq bir vaxtdır ki, Azərbaycan teatrında  müstəqil teatr ruhu yaratdı. Sonralar hərtərəfli fəaliyyəti çərçivəsində Tədris  teatrında, Musiqili Komediya, Milli Dram teatrlarında da çalışdı. Eyni zamanda  yaratdığı “Yuğ” teatrı gündən-günə bütün ətraf təzyiqlərə rəğmən tanındı,  seçildi, inkişaf etdi. Bu gün teatr sənətimizə onun onlarla yetirməsi fəaliyyət  göstərir. 62 illik ömründə bu adam gələcək üçün fəaliyyət göstərdi. Neçə belə 60  illər sonra da o fəaliyyət öz bəhrəsini verəcək ”.
“Müəllim getdi” 
Professor Məryəm Əlizadə: “Neçə illərdir ki, qardaşım “Yuğ”  teatrında hər axşam zəka qonaqlığı verir. İllərdir o ocağa mədəniyyətimizin,  ədəbiyyatımızın zəkaları zəka ziyafətinə yığışırlar. Bu gün də Vaqif zəkaları öz  ətrafına toplayıb. Heç kim, heç vaxt ona nə Vaqif, nə də Vaqif müəllim demədi,  ona hamı “müəllim” dedi. Biz müəllimlər onun yanında özümüzü müəllim hesab edə  bilməzdik. O söz yalnız ona yaraşırdı. Müəllim getdi .”
Milli Dram  Teatrının direktoru İsrafil İsrafilov Vaqif İbrahimoğlunun sağalmaz xəstəlikdən  əziyyət çəkməsinə rəğmən yaradıcılıq planları qurmasından danışdı:  “Təəccüblənirdi ki, niyə ona görə narahat oluruq. Ölümü ağlına belə gətirmirdi.  Görəcəyi, yarımçıq qalan işlərindən danışırdı. Mənə ürək-dirək verirdi. Bu gün  onun cismini torpağa tapşıracağıq, amma xidmətləri uzun illərlə yaşayacaq  .”
“Kitabımı itirdim” 
Teatr Xadimləri İttifaqının sədri  Azərpaşa Nemət dedi ki, mən sənət dostumu itirdim: “O, böyük sənətkar olmağı ilə  yanaşı mənim inandığım, etibar etdiyim, məni başa düşən, sevən və sevdiyim dost  idi. Bu gün bu itkini dərinliyi ilə dərk etmirik, sabah, sonra hansı itkiyə  məruz qaldığımızın fərqinə varacağıq ”.
Xalq artisti Fəxrəddin Manafov  qısa danışdı: “Mənə çətindir deməyəcəm, çünki bura yığışan hər kəs indi mən  keçirən hissləri keçirir. Burda təsadüfi adam yoxdur, hamımız Vaqif  İbrahimoğlunu sevərək, yanaraq gəlmişik. Mən deyirəm ki, sadəcə o, mənim  müəllimim idi, mən onun yetirməsiyəm. Çox kitablar oxumuşam, oxuyuram,  kitablarım var. Bu gün canlı kitabımı itirdim.”
“Vaqifdən bir də  olmayacaq” 
Vida mərasimində çıxış edənlərdən sonuncusu, xalq  yazıçısı Anar dedi: “Vaqif çox böyük sənətkar, Azərbaycanda hərtərəfli savadlı  insanlardan biri idi. Nadir istedadlı rejissor və aktyor kimi tanıyıram onu. Mən  onu öz “Qəm pəncərəsi filmimə Xudayar obrazına çəkəndə gördüm ki, obrazı onun  qədər duyub yaradan aktyor az tapılar. Vaqifdən bir də  olmayacaq.”
Mərasim onu sevənlərin göz yaşlarının müşayiəti ilə bağlı  elan edildi. Vaqif İbrahimoğlu alqış sədaları altında çox sevdiyi səhnədən  qaldırılıb öz doğulduğu, əzizlərinin yatdığı Mərdəkan torpağına qovuşmaq üçün  yola salındı. 62 yaşlı mədəniyyət generalı beləcə bizlərə vida etdi. Hələ  generalkən...
Allah rəhmət eləsin.
Ramilə Qurbanlı Kulis.az
DİGƏR XƏBƏRLƏR