Yazılı bəyanat qəbul edilib
Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırılıb
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qeyri-qanuni bələdiyyə seçkisini kəskin pisləyən yazılı bəyanat qəbul edib. Bu barədə Lent.az-a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib. Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub. Assambleyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi AŞ PA-da yayılıb.
Sənəddə qeyd olunur ki, Ermənistan AŞ PA-nın digər bir üzvü olan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. AŞ PA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək, Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırıb: “Buna baxmayaraq, Ermənistan bir daha bilərəkdən AŞ PA və BMT qətnamələrinə məhəl qoymayaraq, 2011-ci ilin sentyabr ayının 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qeyri-qanuni, separatçı rejim, tanınmamış qondarma Dağlıq Qarabağ respublikasında qeyri-qanuni bələdiyyə seçkilərini keçirib. Bu qeyri-qanuni seçkilər beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirələr prosesinə də ciddi zərbə vurmuşdur. Ermənistanın bu addımları həmçinin onsuz da gərgin olan regionda vəziyyəti daha da gərginləşdirir.”
AŞPA-nın qəbul etdiyi bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni, qondarma seçkilərin dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən kəskin pislənildiyi də vurğulanır: “Bunları nəzərə alaraq, AŞ PA bu qeyri-qanuni seçkiləri kəskin pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni, beynəlxalq hüquqa zidd addımlarını dayandırmağa çağırır. Çünki bu addımlar beynəlxalq hüquqa və beynəlxalq təşkilatların müvafiq qətnamələrinə zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir və təhlükə altına salır, bölgədə vəziyyəti gərginləşdirir. AŞ PA Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır.”
DİGƏR XƏBƏRLƏR