Yapon həkimlər aciz qalıb
Həkimlər Vyetnamdakı gənc Nquen Thi Phuonqun fenomeni ilə bağlı konkret heç nə deyə bilmirlər. 23 yaşında gözəl qız olduğu halda o, qəflətən sürətlə qocalmağa başlayıb və cəmi bir neçə gün ərzində 70 yaşlı qoca qarıya çevrilib.
"The Sun" bildirir ki, indi Nquenin 26 yaşı var. O, əvvəlki sürətlə olmasa da, qocalmağa davam edir.
Vyetnamlı qızın bəlası 2008-ci ildə başlayıb.
Onda dəniz məhsullarına çox güclü allergiya yaranıb. Lakin o, həkimlərə müraciət edə bilməyib, çünki Nquenlə əri yoxsuldurlar.
Güclü qaşınmaya tutulan Nquen Thi Phuonq ənənəvi xalq təbabəti ilə məşğul olan bilicilərə üz tutur. Onun ağrıları bir qədər azalsa da, qız sürətlə qocalmağa başladığını sezərək dəhşətə gəlir. Özü də onun tək üzü dəyişmirdi - bütün bədənində dəri qırışır, qocalırdı.
Yalnız saçlar, dişlər, görmə qabiliyyətinin itiliyi əvvəlki təki idi.
Həkimlər belə sürətlə qocalma fenomenini izah edə bilmirlər.
İndiyədək dünyada 2 minə yaxın belə hadisə qeydə alınıb. Bəzi həkimlər deyirlər ki, Nquen lipodistrofiyaya tutulub. Bu zaman dərialtı piy sürətlə parçalanır və dəri sallanır. Lipodistrofiyaya rəvac verən amillər isə xalq təbabətində istifadə edilən steroid vasitələr ola bilər.
Digər həkimlər əmindirlər ki, Nquen Thi Phuonqda mastositoz var. Orqanizmdə immun reaksiyalarına cəlb olunan və gistamin ifraz edən hüceyrələr bu xəstəlik zamanı dəridə toplaşır.
Nquenin əri, 33 yaşlı Nquen Than Tuen deyir ki, arvadı qarıya dönsə də, onu əvvəlki təki sevir.
DİGƏR XƏBƏRLƏR