Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qax-Avto” MMC-nin avtovağzal kompleksinin açılışında iştirak edib.
Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxıb. Müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilib. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, müasir havalandırma sistemi quraşdırılıb.
Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılıb. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınıb. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılıb. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilib. İkimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılıb. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Tibbi xidmətə ehtiyacı olanlar isə həkim otağına müraciət edə biləcəklər. Avtovağzalda restoran da fəaliyyət göstərəcək. İnzibati otaqlar, iclas salonu, dörd qonaq otağı kompleksin ikinci mərtəbəsində yerləşir. Bir sözlə, yeni avtovağzal kompleksində sərnişinlərə yüksək səviyyədə xidmət göstəriləcək.
Dövlətimizin başçısı perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxıb və görülmüş işlərdən razılığını bildirib.
DİGƏR XƏBƏRLƏR