Qaydalar müəyyənləşdi
Bu gündən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə on-line rejimində bilet satışına start veriləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Simsar.az-a verdiyi məlumata görə, Bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.railway.gov.az saytının “Online bilet” bölməsinə daxil olmaqla, on-line rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcək.
On-line rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 2 saat qalanadək aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.railway.gov.az internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır. Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır. Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq. Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC fiziki şəxslərə plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə on-line rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) alınması üçün xidmətlər təklif edir. İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmazlıqların yaranmaması üçün sifarişlərin sənədləşdirilməsi və gediş sənədlərinin (biletlərinin) alınması Qaydaları ilə mütləq qaydada tanış olmağınız vacibdir.
www.railway.gov.az saytının “Online bilet” bölməsinə daxil olmaqla sərnişinlər istər ölkə daxilində, istərsə də ölkədən kənara hərəkət edən sərnişin qatarlarının hərəkəti istiqamətində istənilən təyinat məntəqəsinə marşrut üzrə sifariş verə bilərlər (Bakı-Horadiz və Bakı-Astara qatarlarının əks istiqamətləri müvəqqəti istisna olmaqla). İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.
On-line bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır:
- güzəştli tariflərlə gediş sənədlərinin (biletlərin) sənədləşməsi üçün sifarişlər. Bu kateqoriyadan olan istifadəçilərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassalarına müraciət etmələri xahiş olunur;
- şəhərətrafı istiqamətdə hərəkət edən elektrik qatarlarına.
İnternet vasitəsi ilə bilet sifarişləri hər gün saat 07.00-dan 23.00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23.00-dan növbəti günü saat 07.00-dək Online rejimində sifariş qəbul edilmir.
İnternet vasitəsi ilə bir əməliyyatla maksimum 4 bilet sifariş oluna bilər. Gediş sənədlərinin (biletlərin) alınması üçün internet vasitəsi ilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi gediş sənədini (bileti) 10 gün müddətində qatarın yola düşməsinə 1 (bir) saat qalanadək “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər. İnternet vasitəsi ilə gediş sənədləri (biletlər) üçün sifarişlər sərnişin qatarlarının başlanğıc stansiyadan yola düşməsinə 2 saat qalmışadək aparılır.
Yerin axtarışı
Boş yerlərin axtarılması üçün aşağıda qeyd olunan məlumatları daxil edin:
1. Gediş üçün istədiyiniz tarixi seçin. Getmə tarixi başlanğıc stansiyadan qatarın yola düşmə tarixi hesab olunur.
2. Gediş və təyinat stansiyalarını daxil edin.
3. Müvafiq pəncərədə seçdiyiniz istiqamət üzrə qatarların adı və nömrələri qeyd olunacaqdır.
4. İstədiyiniz qatarı seçin və aktivləşdirin.
5. Vaqounun növü və gediş haqqı barədə məlumat əldə etmək üçün qatarların hərəkət cədvəli pəncərəsindən istifadə edin.
6. Vaqonu və növünü qeyd edin.
7. Bütöv və ya uşaq yerlərinin sayını qeyd edin.
Qeyd edək ki, 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq gediş sənədi (bileti) alınır. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər qatara minərkən uşağın doğum haqqında şəhadətnaməsini vaqon bələdçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi (bilet) tam tariflə verilir.
8. Yerlərin sayını seçin.
9. Sorğunuza cavab veriləndən sonra sərnişinlər barədə məlumatları daxil edin və plastik kart vasitəsilə ödəniş edin.
Alınan gediş sənədlərinin (biletləri) sayından asılı olmayaraq 9-cu bənddə qeyd olunan əməliyyatların yerinə yetirilməsi üçün Sizə 10 dəqiqə vaxt verilir. D
Sərnişin qatarlarının tərkibinə aşağıdakı 4 növ vaqonlar qoşulur:
- PL - yataq tipli plaskart vaqonlar, 54 nəfər üçün nəzərdə tutulur;
- KP - 4 yerlik 9 kupedən ibarət yataq tipli vaqonlar, 36 nəfər üçün
nəzərdə tutulur;
- SV - 2 yerlik 9 kupedən ibarət yumşaq yataq tipli vaqonlar, 18 nəfər
üçün nəzərdə tutulur;
- MO - Ekspress qatarlarına qoşulan oturacaq tipli yumşaq vaqonlar, 30-45 nəfər üçün nəzərdə tutulur.
Bu vaqonda yer olmadığı halda digər vaqonları nəzərdən keçirmək lazımdır. Sistem seçdiyiniz marşrut üzrə qatarın nömrəsi, adı, yola düşmə və təyinat məntəqəsinə çatma tarixi və saatı, vaqonun növü, yerin nömrəsi, eyni zamanda qeyd olunan gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları sərnişinə təqdim edəcək.
Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır. Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə ölkədən kənara gedən qatarlara rus dilində, ölkədaxili qatarlara isə azərbaycan dilində daxil edilir.
İnternet vasitəsi gediş sənədlərinin (biletlərin) alınması üçün railway.gov.az saytının Online bilet bölməsində qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu, şəxsiyyət vəsiqəsinin (ümumvətəndaşlıq pasportunun) seriya və nömrəsini və sair məlumatları daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir.
Təhlükəsizlik kodu qeyd edilərkən xırda və iri şriftli hərflərin fərqinə nəzər yetirmək lazımdır. Əgər baxış zamanı seçmək mümkün olmadıqda müvafiq olaraq düyməsini sıxmaq lazımdır. Məlumatların daxil edilməsi ilə yanaşı İstifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeydiyyat düyməsini sıxın. Online bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər. Ölkədaxili qatarlara minik üçün sərnişin gediş sənədi (bileti) şəxsiyyəti təsdiq edən sənəd (ümumvətəndaşlıq pasportu), uşaq tarifi ilə alınan bilet isə doğum haqqında şəhadətnamə və ya uşağın şəxsiyyətini təsdiq edən sənəd əsasında aparılır. Ölkədən kənara hərəkət edən sərnişin qatarlarına isə minik yalnız ümümvətəndaşlıq pasportu əsasında aparılır.
Gediş sənədlərinin (biletlərin) alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır. Əməliyyat başa çatdıqdan sonra Sizə aldığınız gediş sənədlərinin (biletlərin), qatarın adı, vaqonun və yerin nömrəsi, yola düşmə və çatma tarixləri, sərnişinlər və s. məlumatlar təqdim olunacaqdır. Bu məlumatlar həmçinin Sizin elektron ünvanınıza da göndərilə bilər.
Sərnişin həmin məlumatları yadda saxlaya (kassadan bileti almaq üçün) və yaxud çap edə bilər.
İnternet vasitəsi ilə ölkədaxili və ölkədən kənara gedən qatarlara əldə olunmuş sifariş blankı və ya sərnişinin şəxsiyyətini təsdiq edən sənədlər dəmir yolu stansiyalarındakı bilet kassalarına təqdim olunur. Təqdim olunmuş sifariş blankı və ya sənədlərdəki məlumatlar kassir tərəfindən yoxlanıldıqdan sonra sərnişinə gediş sənədi (bilet) verilir. Gediş sənədi (bilet) və şəxsiyyətini təsdiq edən sənədi vaqon bələdçisinə təqdim etdikdən sonra sərnişinin qatara minməsinə icazə verilir. Qatarın yola düşməsinə 1 saat qalanadək internet vasitəsi ilə sifariş olunmuş biletlər dəmir yolu kassalarında sənədləşdirilməlidir. Anlaşılmazlıq yaranmaması üçün vaxtında bilet kassasına müraciət etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, sərnişinin qatara minməsinə yalnız öz adına sənədləşdirilmiş gediş sənədi (bileti) ilə icazə verilir. Hər bir sərnişin (tam və ya uşaq bileti) 36 kq-a qədər əl yükünü özü ilə pulsuz apara bilər. İnternet vasitəsi ilə sifariş olunmuş yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir.
Sərnişin tərəfindən istifadə olunmayan bilet şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dəmir yolu kassasına vaxtında (geri qaytarma Qaydalarının müddətlərinə uyğun olaraq) təqdim olunduqda geri qaytarılma əməliyyatı aparılır. Geri qaytarılma Qaydalarının müddətindən asılı olaraq qaytarılacaq məbləğ gediş sənədinə (biletə) görə ödənilmiş bank kartına beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır. Sifariş blankını gediş sənədinə (biletə) dəyişdirdiyiniz halda kassaya təqdim olunma müddətindən asılı olaraq geri qaytarma əməliyyatı aşağıdakı qaydada aparılır:
- qatarın yola düşməsinə 24 saat qalanadək biletin dəyəri tam şəkildə qaytarılır;
- qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt ərzində biletin dəyərinin 90 faizi qaytarılır;
- qatarın yola düşməsinə 6 saatdan az vaxt qaldıqda və qatar yola düşdükdən sonra 3 saat ərzində, eyni zamanda bədbəxt hadisə və xəstəliklə əlaqədar təsdiqedici sənədlər təqdim olunduğu halda qatarın yola düşməsindən 10 təqvim günü müddətində biletin dəyərinin 75 faizi qaytarılır.
Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı servis xidmətləri sərnişinə tam qaytarılır və ölkədaxili istiqamətdə 0.60 AZN, beynəlxalq istiqamətdə 2.00 AZN geri qaytarma əməliyyatının sənədləşməsinə görə əlavə pul tutulur. Bu zaman gediş sənədinin (biletin) alınmasına görə əvvəlcədən ödənilən komisyon yığım pulları sərnişinə qaytarılmır. İstifadə olunmayan gediş sənədlərinə (biletlərə) görə ödənclərin qaytarılması gediş sənədində (biletdə) qeyd edilən şəxsiyyəti təsdiq edən sənəd və ya notarial qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında aparılır. Etibarnamə kassada saxlanılır.
DİGƏR XƏBƏRLƏR