Bakı sakinlərindən biri Mənzil Tikinti Kooperativi (MTK) ilə yaşadığı problemdən şikayətçidir
O, Day.Az saytına yazdığı məktubda bildirir ki, 4 il əvvəl MTK-ya mənzil və qaraja görə ödənişi tam həyata keçirərək, müvafiq müqavilə imzalayıb. Amma indi MTK mənzilin ilkin sənədini vermək üçün hər mənzildən ödəniş tələb edir: «Mənim kommunal xidmətlərə görə də heç bir borcum yoxdur. Belə olan təqdirdə ilkin sənədin verilməsi üçün bizdən pul tələb olunması nə dərəcədə qanunidir?»
«MTK ilə bağlanmış müqavilədə mənzilin ilkin sənədlərini təqdim etmək öhdəliyi vətəndaşın yox, qarşı tərəfin üzərinə qoyulur», - deyə məsələyə münasibət bildirən hüquqşhnas Elçin Sadıqov xatırladıb: «MTK vətəndaşa ilkin sənədləri pulsuz təqdim etməyə borcludur. Söhbət order, Dövlət Qəbul Komissiyasının həmin mənzili istismara götürdüyünü göstərən aktdan və sairdən gedir. Mənzilin ilkin sənədlərinə görə ödənişin tələb olunması qeyri-qanunidir və Azərbaycan qanunvericiliyinə ziddir. Vətəndaş məhz bu sənədləri MTK-dan aldıqdan sonra mənzilə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidir».
E.Sadıqov bildirib ki, MTK-nın ilkin sənədləri təqdim etmək üçün pul istədiyi vətəndaşlar məhkəməyə müraciət etməlidirlər: «Əgər bina istismara verilibsə, məhkəmə vətəndaşın xeyrinə qərar çıxaracaq. Əks təqdirdə, qərar MTK-nın xeyrinə olacaq».
Hüquqşünas vətəndaşları istismara verilməmiş binalardan mənzil almamağa çağırıb.
DİGƏR XƏBƏRLƏR