Tapançaların 17 detalı Azərbaycanda, 41 detalı isə Türkiyədə istehsal edilir
Türkiyənin TİSAŞ şirkətinin lisenziyası əsasında Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal olunan 3 tapança modeli Azərbaycan Müdafiə Nazirliyi sistemində tabel silahı təyin olunub.
Simsar.az-ın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə TİSAŞ-ın müəssisəsində mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bildirilib.
Brifinqdə qeyd olunub ki, Azərbaycan MSN-lə imzalanmış müqavilə çərçivəsində «Zigana K» və «Zigana F» modellərinin «nou-hau» olaraq Azərbaycanda istehsalına icazə verilib. Tapançaların 17 detalı Azərbaycanda, 41 detalı isə Türkiyədə istehsal olunacaq. Bu tapançalar Azərbaycanda «Zəfər», «Zəfər-K» və «İnam» adı ilə istehsal edilir.
Azərbaycanda istehsal olunan tapançaların atış ömrü 25 min güllə təyin olunub.
Türkiyənin daxili bazarında 20% paya malik olan TİSAŞ 2010-cu ildə 12864 ədəd tapança ixrac edib. Şirkətin tapança ixracatında ABŞ, Pakistan, Azərbaycan, Peru, Burkina Faso, Almaniya, Paraqvay, Misir, Efiopiya, Kolumbiya, İtaliya və İran daxil olmaqla 30 ölkə yer alıb.
DİGƏR XƏBƏRLƏR