Vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcəklər
Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun imzalayıb. Simsar.az-ın “AzərTAc”-a istinadən verdiyi məlumata görə, qanuna 163-1-ci maddə əlavə edilib.
Həmin maddə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcəklər.
Fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 600 manatdan 700 yüz manatadək miqdarda cərimə ediləcək. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1000 manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər 1800 manatdan iki min manatadək, hüquqi şəxslər 5min 500 yüz manatdan 6 min manatadək miqdarda cərimə ediləcəklər.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı fərman da verib. Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Eyni zamanda üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək də tapşırılıb.
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bu inzibati xətalar haqqında işlərə əsasnamələrinə uyğun olaraq Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi baxırlar.
DİGƏR XƏBƏRLƏR