Yeni prezident: “Tağı İbrahimov ikinci, yaxud üçüncü şəxs kimi qalmaz”
“Azad Azərbaycan” televiziyasının (ATV) prezidentinin dəyişməsi mətbuatın diqqət mərkəzindədir. Tağı İbrahimovun rəhbərlikdən uzaqlaşdırılmasının səbəbləri bəlli olmasa da, dəyişmə ilə bağlı müəyyən açıqlamalar verilməkdədir.
ATV-nin yeni prezidenti Vüqar Qaradağlı “Media forum” saytına açıqlamasında bildirib ki, indiyə qədər ATV-nin sadəcə tamaşaçısı olmayıb: “Bu televiziya mənim gözümün qabağında yaranıb. ATV-ni vaxtilə Sahib İbrahimov yaradıb, daha sonra isə Tağı İbrahimov kanalın işini uğurla davam etdirib. Mən vaxtilə bu televiziyanın doğulmasına azarkeşlik etmişəm ki, kanal yaxşı kanal olsun. Həmin illərdə mən “Lider” televiziyasına rəhbərlik edirdim. Qonşu kanal yaranırdı və biz buna sevinirdik. İndi belə məsləhət oldu ki, mən burda fəaliyyəti davam etdirim. Məncə, bu, müzakirə olunmayası bir qərardır. İşləmək istəyirəm, görək nə olacaq.
Televiziyada ediləcək dəyişikliklərə gəlincə, indi bu barədə danışmaq mənim üçün bir qədər çətindir. Mən bu gün gəlmişəm. Kanalda nə dəyişəcək, nə dəyişməyəcək, bunu zaman göstərəcək. Kollektiv normal kollektivdir, işgüzar, zəhmətkeş adamlardır. İşlər qaydasında gedir. İşdir, gəlmişəm, hələ sağa, sola baxaq, görək nə var, nə yox”.
ATV şoulara üstünlük verdiyinə görə son zamanlar dövlət məmurları tez-tez bu kanalı tənqid edirdi. Bu məsələni açıqlayarkən Vüqar Qaradağlı deyib ki, bu, bütün televiziyaların problemidir: “Bu təkcə “Azad Azərbaycan” televiziyasının problemi deyil, bütün televiziyaların dərdidir. Deyirsiniz ATV bu tənqidlərdən nə nəticə çıxaracaq? Hələ özümüzə gələk, yaxşı olacaq. Bu kanal əla idi, əla da olacaq”.
ATV-nin prezidenti postundan gedən Tağı İbrahimovun kanalla əlaqəsinin qalıb-qalmayacağı haqda sualı cavablandıran Vüqar Qaradağlı qeyd edib ki, Tağı İbrahimovun özü bunu istəməz: “O, ağıllı adamdır, neçə il burada birinci şəxs olub. İndən sonra ikinci, yaxud üçüncü şəxs kimi qalarmı? Qalmaz”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə deyib ki, hər hansı televiziya rəhbərliyindəki dəyişikliyin şuraya aidiyyəti yoxdur.
O qeyd edib ki, burada əsas məsələ “'Televiziya və radio yayımı haqqında” qanuna əməl edilməsidir: “Bu qanunvericiliyə əməl edildiyi təqdirdə məsələ bizdən kənarlaşır”.
Mayın 14-də Tağı İbrahimov ATV-nin prezidenti postundan uzaqlaşdırılıb, onun yerinə Vüqar Qaradağlı təyin olunub.
Son zamanlar ATV şou proqramlarına üstünlük verdiyinə görə tənqidlərə məruz qalırdı. Kanalın rəhbərliyindəki dəyişikliyin bununla əlaqəsi olub-olmadığı sualına cavabında Nuşirəvan Məhərrəmli deyib ki, o bu haqda fikir bildirmək istəmir: “Vüqar Qaradağlının necə rəhbər olacağını işlədikdən sonra biləcəyik. Təbii ki, Vüqar Qaradağlı ilə görüşlərimiz olacaq”.
RAMİL
DİGƏR XƏBƏRLƏR