İstanbulda Laçın konfransı keçirib
İstanbulda Aydın Universiteti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Türk Ocaqları İstanbul şöbəsinin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Konfransı açan Aydın Universitetinin rektoru prof.Dr.Yadigar İzmirli Dağlıq Qarabağ münaqişəsi haqqında məlumar verib.
Hər kəs üçün bu günün çox ağır bir gün olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bunları dedi: “Azərbaycanın Qarabağ ağrısını öz qəlbində hiss etməyən bir Türk gənci, bir Türk insanı varsa, mən ona yazıqlar olsun deyərdim. Hansı coğrafiyada yaşamağımızın nə fərqi var ki. Coğrafiyalar, sərhədlər sizin qardaşlıq duyğularınızı, qanınızı dəyişdirirmi? Amerikada, Avropada, Türkiyədə və ya Azərbaycanda yaşamaq qanımızı dəyişdirirmi? Xeyr. Milli kimliyimiz dəyişirmi? Xeyr. Əgər harada və hansı coğrafiyada yaşamasından asılı olmayaraq, insanımızın ağrıyan yarasını öz canımızda hiss etmiriksə, demək ki, bizim çox böyük xətalarımız var.”
17 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü olduğunu qeyd edən Qənirə Paşayeva 18 may tarixinin də Krım türklərinin sürgün günü olduğunu söylədi.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili Qənirə Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan və tədbir çərçivəsində təqdimatı keçirilən Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında da danışdı.
“İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, - deyə millət vəkili çıxışının sonunda qeyd etdi.
Tədbirdə iştirak edən Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram da 1990-cı illərdə baş vermiş Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı.
Çıxışların ardından konfransda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film nümayiş etdirildi.
Konfransın sonunda Aydın Universiteti rəhbərliyi adından millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərinin geniş yayılması istiqamətində gördüyü xidmətlərə görə plaket təqdim edildi.
DİGƏR XƏBƏRLƏR