Millət vəkili Qənirə Paşayeva “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında məlumat verib
İstanbulun Aydın Universitetində Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib. Simsar.az xəbər verir ki, Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir çərçivəsində baş tutan təqdimatda millət vəkili Qənirə Paşayeva “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında məlumat verib. O, müəllif Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi günlərin əks olunduğunu qeyd edib. Bütün Türk gəncliyini bu kitabı oxumağa səsləyən millət vəkili bu kitabın Türkiyədə də yayılacağını bildirdi..
Təqdimatda iştirak edən kitabın müəllifi və Laçın rayonundan məcburi köçkün olmuş Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən danışıb. Qarabağ müharibəsinin də iştirakçısı olan müəllif artıq 20 ildir Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz doğma torpağı Laçından didərgin düşdüyünü, məcburi köçkün həyatı yaşadığını, öz doğmalarının qəbirlərini ziyarət edə bilmədiyini bildirdi.
Sonda Əli Əliyev bütün bunlara baxmayaraq tezliklə Laçına, o cümlədən Ermənistanın işğalı altında olan digər torpaqlarımıza geri qayıdacağına əminliyini ifadə etdi.
Təqdimatda iştirak edən Aydın Universitetinin Azərbaycan əsilli professoru Kamil Vəli Nərimanoğlu, Aydın Universitetinin rektoru prof.Dr.Yadigar İzmirli, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək kitabla bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Təqdimatın sonunda Ə.Əliyev kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim etdi.
DİGƏR XƏBƏRLƏR