Şairin "Rənglər" silsiləsində insanın mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır.
Xalq şairi Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçayda anadan olub. 1927-1937 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən) olub.
Rəsul Rzanın "Bu gün" adlı ilk şeiri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunub. İlk şeirlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb edib.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan şair xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şeir kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s).
Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır.
60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri güclənir ("Şeirlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şeir kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunub.
"Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır.
Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusu olub.
Rəsul Rza 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
DİGƏR XƏBƏRLƏR