Günün şeiri bu gün “Son zəngi” olan məktəblilərə həsr olunur
Dayanın çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman -GƏL- deyə o doğma səsdə,
Bir hicran nəğməsi oxunacaqdır.
Zəngçalan nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir az da.
Bu məktəb, bu bina, bax, bu divarlar,
Mənim olmayacaq zəng vurulanda.
Hələ bir-birindən ayrı düşəcək,
Neçə könül dostum, yaxın yoldaşım.
O sarı köynəkli, gülərüzlü qız,
Daha olmayacaq sinif yoldaşım.
Qoyun, bir dəfə də -MƏNİMDİR- deyə,
Sinif otağımı süzüm doyunca.
Tələsmə zəngçalan, bunun üçün sənə,
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın lövhəyə məni müəllim,
Bir misal versin ki, asan olmasın.
Üç saat çalışıb, həll edim onu,
Tək arzum budur ki, zəng vurulmasın.
Ürəyim titrəyir yad elədikcə,
Məktəbə getdiyim o ilk çağımı.
De, burda necə qoyub gedim mən?
Arxası çantalı uşaqlığımı,
Durub cərgə ilə müəllimlərim.
Baxırlar üzümə sözü var kimi,
Bu doğma mehriban şən baxışlara.
ƏLVİDA deməyə dilim gələrmi?
DİGƏR XƏBƏRLƏR