“Mətbuatın əhəmiyyəti” başlığı altında keçirilən V beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatların təqdimetmə mərasimi keçirilib
“Kirpi” satirik jurnalının 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə iyul ayının 16-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Molla Nəsrəddin” – Azərbaycan” V beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatların təqdimetmə mərasimi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçılar Birliyindən Simsar.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə təşkil edilib. Artıq ənənəvi hal alan “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsi bu il “Mətbuatın əhəmiyyəti” başlığı altında keçirilir.
Müsabiqəyə 57 ölkədən 306 karikaturaçı rəssam qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən müsabiqənin qızıl medalına Aşkın Ayrancıoğlu (Türkiyə), gümüş medalına Anon Anindito (İndoneziya), bürünc medalına Babic Sava (Serbiya), xüsusi mükafatlara isə Helmut Jakek(Almaniya), Yuriy Manayev (Rusiya) layiq görülüblər. Azərbaycanlı karikaturaçı rəssam Bayram Qasımxanlı müsabiqədə Rəssamlar İttifaqının xüsusi mükafatını qazanıb.
“Molla Nəsrəddin” –Azərbaycan” beynəlxalq karikatura müsabiqəsi səsvermənin obyektivliyinə, müsabiqənin təşkilinin yüksək səviyyəsinə və müəllif hüquqlarının qorunmasına görə, Beynəlxalq Karikaturaçılar Təşkilatları Birliyi tərəfindən ən yüksək qiymətlə - beş ulduzla qiymətləndirilib.
On gün davam edəcək sərgidə dünyanın tanınmış karikatura ustalarının 150-dən artıq əsəri nümayiş olunacaq.
DİGƏR XƏBƏRLƏR