/
Bu gün Hüseyn Cavidin doğum günü olduğu üçün günün şeiri də Hüseyn Caviddən seçilib. Ədibin “Ana” poemasındakı Səlma ananın oğlunun qatili ilə üz-üzə qaldığı səhnəni oxuculara təqdim edirik.
Səlma (Qapıya yaqınlaşaraq şaşqın və sinirli bir halda)
Allah, Allah! Təhəmmül ver, səbir ver!
Açıl, yarıl, parçalan, ey alçaq yer!
Yarıl! Bu talesizi çək qə’rinə!
Bəndə artıq təhəmmül yoq qəhrinə!
Yalnız bir pənahım, bir oğlum varkən,
Qanlı topraq! Ayırdın onu bəndən.
Yarəb, ədalət! Bəni öldür, qurtar!
Hər yer bana zindan kibi oldu tar.
(Qapıya doğru baqaraq)
Ah, bu xain qonaq aman istərkən
Niçin bən ona yer verdim bilmədən.
Oğlumun köksünü yarsın da gəlsin,
Bir cəllad kəndini amanda bilsin?!
Xayır, xayır, bu mümkün deyil əsla!
Sağ buraqmam... Bənim pəncəmdə hala!
Onun həddini bildirir bu əllər!
Qəlbinə yerləşsin gərək bu xəncər!
Gərək bulsun cəzasını...
(Təbdili-tevr ilə)
Ah, fəqət;
Oğlumun ruhu bəlkə eylər nifrət,
Bəlkə bəndən incinir, çünki şimdi
Qan dökməyə əsla riza vermədi.
Həm mültəci, həm qərib, həm misafir;
Xayır, vicdanım olmaz buna qadir.
Bir də hər nə yapsam bu dərdi silməz,
Məhv olsa aləm, Qanpolad dirilməz.
Xayır, əfv etməli!.. Getsin də miskin
Xəcalətdən ölsün, yerlərə keçsin!
(Dönüb İsmətlə oğluna baqaraq)
Yarəb! Ah, bu nasıl mənzərə? Dəhşət!..
Sonsuz bir iftiraq içində vüslət!
Şəfəq zənn olunan şey yanğın oldu;
Qönçələr açmadan sarardı, soldu!
Ah, nasıl iki heykəl kibi bihuş,
Bir-birini eyləmişlər dərağuş!?
(Ətrafa baqaraq)
Xayır, gecikdirməsi pək səmərsiz;
Burdan şu qanlı dəf’ olsun gərək tez,
Yoqsa xain parçalanır əllərdə...
...Qonaq qardaş, dur! Təlaş etmə sən,
Qorqma, bir zərər gəlməz sana bəndən.
Amandasın; hiç qorqma, hiç sıqılma!
Çünki bən əvvəldən söz verdim sana.
Sən bir qonaqsın, qatil olsan belə,
Səlma həlak olur da, verməz ələ.
Səlma (Murada(oğlunun qatili))
Yetər!
Yetər get, durma get! Haydı, çəkil get!
Artıq savuş! Durmaq vaqtı deyil, get!
Murad Səlmadakı böyüklüyə qarşı sıqılaraq şaşqın bir halda yürür. Bir-iki adım getdikdən sonra dönüb baqar və dərin bir ah çəkərək büsbütün uzaqlaşır.
S ə l m a (Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə)
Get, namərd qonaq, get! Alçaq mültəci!
Get, miskin hərif, get! Cəllad, yırtıcı!
Get, vicdansız! Kəndini qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya! 60
(Daha sinirli və qızğın)
Get, gözüm görməsin! Uzaqlaş, dəf’ ol!
Nə haqsızlıq etdinsə Allahdan bul!
Get, çəkil get! Dinsiz, Allahsız xain!
Murdar izin bu topraqdan silinsin!
Oğlumu söndürdün, yandırdın bəni,
Get, kamə irdirməsin Allah səni!
(Göyə doğru ditrəyərək)
Mərhəmət! Yarəb, mərhəmət, inayət!
Təhəmmül ver! Qalmamış bəndə taqət;
Ah, qəlbim az qalır patlasın Allah!
(Cənazəyə doğru qoşaraq çılğınca)
Allah, nə bədbəxt ana oldum... Eyvah!
Həsrəti könlündə can verən evlad!
Ah, qəhrəman oğul, nakam Qanpolad!
(Haman oğlunu qucaqlayaraq şiddətli və yaqıcı hıçqırıqlar içində
boğulub düşər. Bu sırada S ə l i m ilə a r q a d a ş ı dəxi birər tərəfdən
çıqaraq hiddətli və məbhut bir halda baqa qalırlar)
DİGƏR XƏBƏRLƏR