Xaricdə milyonlar, bizdə isə qəpik-quruş...
Bütün dünyada film və serial sektoru yaxşı gəlir əldə etmənin ən asan yolu kimi qiymətləndirilir. Seriallarda rol alan aktyorlar və aktrisalar milyonlarla pul qazanır. Əlbəttə, sadəcə onlar yox. Həm prodakşınlar, həm senaristlər, həm texniki işçilər kifayət qədər gəlir əldə edir. Ən çox qazanan isə kanallar olur. Reklamlardan gələn maddi vəsait serialların keyfiyyətinə müsbət təsir göstərir. Türkiyədə bir serial kanala təxminən 200 min manata başa gəlirsə, ABŞ, İngiltərə kimi ölkələrdə isə bu miqdar daha da artır.
“Forbes” jurnalının hesabatına görə, keçən il ən çox qazanan televiziya ulduzu “Two and a half men” serialının baş rol ifaçısı Aşton Kutcher (24 milyon dollar) olub. Ən çox qazananlar siyahısında “Housi” serialı ilə Huqh Lauri (18 milyon), “Everybody Loves Raymond”dakı rolu ilə Ray Romano (18 milyon), “30 rock” ilə Alek Baldvin (15 milyon), “Ncis” ilə Mark Harmon (15 milyon), “Last Man Standing” ilə Tim Allen (14 milyon), “Grey`s Anatomi” ilə Patrik Dimpsey (12 milyon), “The Big Bang Theory” Cim Parsıns (8 milyon) da yer alıb.
Türkiyədə də vəziyyət pis deyil. Belə ki, seriallarda rol alan məşhur aktyor və aktrisaların həftəlik qazandıqları pul 15-80 min lirə arasındadır. Kıvanc Tatlıtuğ 50 min, Halit Ergenç 5 min, Hazal Kaya 30 min, Nurgül Yeşilçay 50 min, Beren Saat 50 min, Tuba Büyüküstün 30 min türk lirəsi qazannalardır.
Bəs bizdə?
Bunları oxuduqca insanın ağlına sadəcə bir fikir gəlir: Görəsən azərbaycanlı aktyorlar, aktrisalar nə qədər pul qazanır?
Aəzrbaycanda dövlət tərəfindən teleseriallara əvvəlcə 5 milyon, bu yaxınlarda isə 10 milyon manat pul ayrılıb. Böyük bir rəqəm kimi görünsə də məlumdur ki, bu pul xaricdə tək bir aktyorun illik gəliridir.
Televiziyada əvvəllər təkcə xarici teleseriallar verilirdisə artıq vəziyyət dəyişib. Ekranda “Sirr”, “Pərvanələrin rəqsi”, “Bacanaqlar”, “Qaynana”, “Ağabəyovlar” kimi bir çox serialları görmək mümkündür. Biz də ölkəmizdə serial sektorunda nə qədər pul dövriyyəsi olduğunu aydınlaşdırmağa qərar verdik.
“Bu pul kifayət etmir”
Hazırda ATV kanalında yayımlanan “Pərvanələrin rəqsi” serialında Kamran rolunu ifa edən Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətovdan Serialların gətirdiyi gəlirin, aktyor və aktrisaların qazanclarının nə qədər olduğunu öyrənməyə çalışırıq.
Aktyor maaşını açıqlamaq istəməsə də, aldığı pulun ona kifayət etmədiyini deyir: “Maaş sistemi ilə işləyirik, müqaviləmiz var. Bizim serialda 8 nəfər əsas rol ifa edir və hamımız da eyni maaşı alırıq. Məbləği açıqlamaq istəməzdim. Amma bu pul mənə kifayət etmir”. A.Heybətov dövlətin ayırdığı pulun aktyorlara və seriallara az-çox müsbət təsirinin olduğuna inanır: “Deyə bilmərəm ki, çox təsiri olub. Amma, ən azından serialların sayı artıb. İş imkanı çoxalıb. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq”.
Bildiyimiz kimi, hazırda Türkiyədə ən çox tamaşaçı toplayan seriallardan biri də “Muhteşem Yüzyıl”dır. Serialda İbrahim paşa rolunu ifa edən Okan Yalabık əvvəllər 8 min lirə (4 min manat) alsa da, reytinqlər artdıqdan və İbrahim paşa rolu izləyicilərin sevgisini qazandıqdan sonra 15 min lirə (7 min 500 manat) almağa başladı. Anar Heybətovdan öyrəndik ki, Azərbaycanda belə bir sistem yoxdur.
Onun sözlərinə görə, serialın reytinqinin yüksək olması və ya reklam gəlirlərinin artması rol ifaçılarının maaşına təsir etmir: “Bunun bizə heç bir təsiri olmur. Biz müqavilədəki pulu alırıq. Reytinqin və ya neçə saat işləməyimizin fərqi yoxdur. Elə vaxt olur gecələr də işləyirik. Əslində neçə saat işləməli olduğumuz müqavilədə var. Ancaq, hamı çalışır ki, ortaya yaxşı bir iş çıxsın. Heç kim vaxta diqqət etmir. Aldığımız maaş isə eyni olur”.
Bizdə sistem formalaşmayıb
“Pərvanələrin rəqsi” teleserialında Hikmət Bədirli obrazını canlandıran xalq artisti Ramiz Novruzov isə dövlətin televiziyaya olan diqqətini yüksək qiymətləndirir: “Əsas odur ki, bu sahəyə diqqət yetirilir. Serialların çəkilməsi özü müsbət haldır. Artıq hər kanalın öz serialı olacaq. Mən inanıram ki, 10-15 il sonra xaricdəki nümunələr səviyyəsində seriallar çəkiləcək. Necə ki onlarda da əvvəllər belə olub. Hələlik, 1-2 yaxşı nümunə də var. Fikir verirəm ki, aktyorlarımız rollarını daha təbii, real ifa edirlər. Bu da televiziyanın tələbi ilə olur. Belə aktyorların və aktrisaların gələcəkdə teatra gəlməsi də uğurlu alınacaq”. R.Novruzov reytinqlərin və reklamların yüksək olmasının aktyorun aldığı məvacibə təsir etmədiyini deyir: “Bizdə belə bir sistem yoxdur. Əslində xarici təcrübədən görürük ki, belə olmalıdır. Bizdə bu sistem o vaxt formalaşa bilər ki, serialları prodakşınlar özləri çəksin, gəliri də özü götürsün.Hələlik isə belə bir şey yoxdur”.
“Xalq artisti, əməkdar artist axtarırlar”
“Sirr” serialında Rövşən obrazını ifa edən gənc aktyor Nicat Əlizadə aktyorların tanınmalarının qonorara təsir etdiyini deyir. Aktyorların gəliri hər serialda bir cürdür. Onun sözlərinə görə, aktyor və aktrisaların sahib olduğu adlar qonorara təsir edir. Belə ki, prodakşınlar xalq artistinə, əməkdar artistə və heç bir adı olmayanlara fərqli yanaşırlar. Aktyor “fikrimcə aktyora bacarığına görə qiymət vermək lazımdır, adına görə yox” – deyir. “Əslində isə peşəkarlığa önəm verilməlidir, ada yox. Mən yaşda xalq artisti və ya əməkdar artist adını alan aktyor yoxdur. Məqsədləri addan istifadə edib, qiymti endirməkdir”. Aktyor bəzən 12 saat işlədiyini, ancaq vaxt bölgüsünün qeyri-sabit olduğunu bildirir: “Elə vaxt olur ki, 12 saat işləyirəm. Ancaq, işim 4 saatda da qurtara bilər. Bu ifa edilən obrazın həmin bölümdəki yerindən asılıdır. Baş rolda olanlar daha çox işləməli olur. Əlbəttə, bu onların məvacibinə də təsir edir”.
“Dövlət yenidən pul ayıracaq”
Aktyorlardan heç biri maaşını açıqlamaq istəmir. Ancaq, bəlli olur ki, bizim baş rol ifaçılarımızın bir həftəlik maaşı, xaricdəki serialların ikinci, hətta üçüncü dərəcəli oyunçularından belə dəfələrlə azdır.
Dövlətin gələcəkdə də teleseriallara dəstək verib verməyəcəyini Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədovdan öyrəndik. Onun sözlərinə görə, dövlətin dəstəyi gələcəkdə də davam edəcək: “Ayrılan pul öz nəticəsini verir. Müxtəlif mövzularda seriallar çəkilir. Gələcəkdə daha da yaxşı olacaq. Dövlətin yenidən pul ayıracağını təxmin edirəm. Ancaq, miqdarını bilmirəm. Bunu cənab prezident qərarlaşdırır və sərəncam verir”.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR