.
Bu gün Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür. Uzun illərdir Azərbaycanın teatr və kino sahəsində bir-birindən maraqlı obrazlar yaratmış sevilən aktrisanın 68 yaşı tamam olur.
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki Müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
1968-ci ildə Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunan aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb.
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.
1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
Simsar.az
DİGƏR XƏBƏRLƏR