.
Müsahibə alacağımızı söylədikdə razılaşdı. Mədinə xanım qrupun üzvlərini də götürüb “Simsar”ın ofisinə təşrif buyurdu. Hansı mövzuda söhbət edəcəyimizi eşidəndə bir az sevindilər. Doğrusu, danışıqlarından da hiss olundu ki, kitaba, oxumağa meyllidilər. Mədinə xanımsa bir vaxtlar metroda, avtobusda kitab oxumağın daha gözəl olduğunu xatırlayır. Nə oxuyursan?” rubrikasının qonağı “Kristal” qrupunun üzvləri – Mədinə, Sevda və Gülümdü.
- Kitab oxuyumağa vaxt ayırırsız?
- Mədinə: Kitab oxumağı çox sevirəm. Təəssüflər olsun ki, indiki gənclərin kitaba marağı azdı. Mən hələ uşaq olanda bizim evdə kitab oxunurdu. Mənim 17 yaşım olanda evimizdə kitabxanamız da var idi, ordakı kitabların hamısını oxuyub qurtarmışdım. Anam işıqları söndürüb yatmağa hazırlaşanda belə, mən ədyalın altında fənərlə oxuyurdum. Dedektiv kitabları daha çox xoşlayırdım, eləcə də oxuduqlarımın arasında sevgidən bəhs edən kitablar da vardı. Yadımdadır Zamok Broudinin kitabını 5 dəfə oxumuşdum. Orada sevgi o qədər gözəl təsvir olunmuşdu ki, insan oxuduqca elə bil həmin duyğuları yaşayırdı. “Dədə Qorqud”, “Sevginin sirləri”, “Sevgi və vəhşilik”, “İsti qar”, “Qırmızı qar”, “Qara volqa” əsərlərini, “Pəncərədə işıq” tamaşası çıxmışdı o əsəri də oxumuşam.
-Sevda: Mən kitab oxumağı çox xoşlayıram. Əvvəllər xoşlamırdım, qaçırdım kitablardan. Amma yenə də kitabxanadan kitab götürürdüm. Bir neçə səhifə oxuduqdan sonra atırdım, deyirdim sonra oxuyaram, amma oxumurdum, elə qalırdı. Kitabları iyləməyi xoşlayıram, çox gözəl qoxusu var. Qrupa gələndən sonra Deyl Karneqinin “İnsanlarla ünsiyyət, dostlarla münasibət” kitabını oxudum. Sonuna kimi oxuduğum ilk kitab oldu. Çünki, insan yeni mühitə düşəndə abu-havaya tez öyrəşmək istəyir. Həmin kitabın mənə kömək edəcəyinə inandığım üçün oxumağa qərar verdim və həqiqətən də köməyi oldu. Belə deyirlər ki, insan kitab oxuduqca püxtələşir. Mən də həmin kitabı oxuduqdan sonra, bunu özümdə hiss etdim. Söz ehtiyatım artdı, yeni sözlər öyrəndim. Ondan sonra “Patriarxın payızı”nı oxudum, amma o da yarımçıq qaldı. İşlər çox oldu, vaxt tapa bilmədim.
-Gülüm: Əməliyyatdan sonra yaddaşım bir az pozulub, amma yadımdadır ki, ingilis dilində bir kitab oxumuşdum, əslində hələ oxuyub qurtarmamışam. O, kitabda çox maraqlı məqalələr və hekayələr var. Təəssüflər olsun ki, adı yadımdan çıxıb. “Əli və Nino”nu da oxumuşam
- Daha çox hansı müəlliflərin əsərlərini oxumusuz?
- Mədinə: Dümadan, Dostoyevskidən oxumuşam. Şekspirin “Romeo Cülyetta”sı oxuduqlarım sırasındadı. Şekspirin oxuduğum başqa əsərləri də var. İndi adları yadımda deyil, yadıma düşdükcə deyərəm. Detektiv janrını çox sevirdim. Bir müəllif vardı, onun kitablarını görən kimi alırdım. İndi adını xatırlamıram. Bir ara “Şerlok Holms”u oxuyurdum. “Təpədəki ev” əsərini oxumuşdum, daha sonra o əsərin kinosu da çıxdı. Əsərlərin adı yadımda qalıb, amma müəlliflərin adlarını unuduram. Məsələn “Edemə qayıdış”, “Kölgələr günorta itir”, “Əbədi həyat”, “Küləklə sovrulanlar” əsərlərini də rusca oxumuşam. Həmin kitabların hamısı indi də bizdə durur. Hətta evdə Stalindən bəhs edən 6 hissəli kitab vardı. Onu oxumağa başladım, gördüm yox, ürəyim sıxılır, oxuya bilmədim. Yəni çox kitab oxuyan insan olmuşam, əlimə kitab düşən kimi oxuyurdum. Əvvəllər elə idi ki, biz avtobusda, metroda həmişə oxuyurduq. Metroya girəndə görürdün ki, hamı oxuyur. Amma indi yoxdu, indi hamının gözü telefonda, facebookdadı.
-Əvvəllər oxuduğunuz kitablardan danışdız, bəs indi də oxuyursuz?
-Mədinə: İndi Deyl Karneqeni vaxtım olanda oxuyuram, psixologiyanı dərindən öyrənmək istəyirəm. Çünki, oğlum var və istəyirəm ki, ona da vaxt ayırım. İş də çoxdu. İndi bilirsiz ki, qızlar aparıcılıq edir, onunla da maraqlanıram. Yəni vaxtım az olur. Amma oxumağı çox sevirəm. İndi fikirləşsəm yenə çoxlu kitablar yadıma düşər. Məsələn, Emanuel Arsanın kitablarını da oxumuşam. Onun kitabları da yaxşıdır, sadəcə baxır, kim necə faydalanır. Mən ordan faydalı məqamları götürmüşəm. Öyrənmişəm ki, hansı bədbəxt hadisələr ola bilər, hansı fəsadlar yarana bilər. Mən həmişə psixoloji kitabları məsləhət görürəm. Həm də Karneqini çox sevirəm, onun əsərləri mənə çox şey öyrədib. Düzdü, bəzən o cümləni işlədirəm ki, mənim məktəbim yaşadığım illərdir, ancaq kitablar da insana çox şey öyrədir. Çox vaxt media işçiləri mənə deyirlər ki, necə olur ki, sizi hamı qəbul edir və səmimi olursuz, insanlarla tez dil tapa bilirsiz. Bunda Karneqinin rolu böyükdür. Əvvəllər xaricdə olduğum üçün buraya gələndə öz dilimizdə danışmaqda çətinlik çəkirdim. Heç vaxt yadımdan çıxmaz, 18 yaşım olanda Azərbaycan dilli gecə məktəbinə yazıldım. İstəyirdim ki, Azərbaycan dilini mükəmməl bilim. Azərbaycan dilində çoxlu qəzet, kitab oxuyurdum, aktual verilişləri izləyirdim və xəbərlərə qulaq asırdım. Hətta, metroda gördüyüm sözləri belə oxuyurdum və başa düşməyə çalışırdım. Bir dəfə zökəm sözünü gördüm və o sözün mənasını öyrənmədikcə əl çəkmədim.
-Gülüm: Çox təəssüflər olsun ki, mən Karneqini oxumamışam, inşallah Mədinə xanım mənə onun kitablarından verər oxuyaram. Uşaqlıqda kitablar oxumuşam, yaddaşım pozulub, yadımda qalmayıb. Daha çox şeirə üstünlük verirəm. Nüsrət Kəsəmənlidən, Bəxtiyar Vahabzadədən, ümumiyyətlə, romantik ruhlu şairlərin şeirlərini oxuyuram.
-Sevda: İndi adları yadıma düşmür. Psixologiyadan bəhs edən kitabları, hüquq kitablarını daha çox xoşlayıram. Hətta, yadımdadı Azərbaycan Respublikasının Konstitusiyasının kitabçasını almışdım. Tez-tez vərəqləyirdim, maddələrə baxırdım. Anam da deyir ki, başa düşmürəm sən indi müğənniliyi atıb vəkil olacaqsan? Yəni, hüquq məsələlərinə marağım var.
-Mədinə: İndi yadıma düşdü. “Priqovor”u (“Hökm”) da oxumuşam. Azərbaycanda sonradan kinosu çıxdı. Mən də oturub heyranlıqla baxırdım görəm, o Priqovordu, gördüm yox, başqasıdı. Sadəcə adlar eynidi. Şeir mövzusunda Gülümlə oxşayırıq, ikimizdə də romantiklik aşıb daşır. Bu yaşımda hələ də bu duyğular var və mən bəzən deyirəm, görəsən, bu duyğular məndə nə vaxt qurtaracaq. Hətta bir ara şeir yazmağa başlamışdım. “Son zəng”, “Mənim günahım”, “Sən və mən”, “Vətən” və s. şeirləri çoxdan yazmışam. Bəzilərini isə “Kristal” yarandıqdan sonra yazmışam.
-Sevda: Şeir oxumağı mən də çox sevirəm. Mənim də bir neçə şeirim var. Çoxdan yazmışam onları, hələ “Kristal” olmamışdan əvvəl.
-Kitabın internet qarşısında məğlub olacağı deyilir. Siz necə fikirləşirsiz?
-Sevda: İnternetdə oturub vaxt keçirməkdənsə, hər hansı bir kitabı oxumağı məsləhət bilirəm. Kitab bizə sadəcə məlumat vermir, həm də səbirli olmağı öyrədir. Məsələn, mənim kitab oxumağa səbrim çatmır, ancaq bir müddət sonra kitab sənə səbr etməyi də öyrədir.
-Mədinə: Oxumaq gözəl şeydir. Bizim efir vasitəsilə aldığımız hər məlumat keyfiyyətli, saf və düzgün deyil. İndi internet dövrüdür, ancaq ondan düzgün istifadə etmək lazımdır. Mən bir müddət qızlara kompüter almağa icazə vermədim. Gülüm qrupa gələndən 1-2 il sonra kompüter aldı, Sevda da təzə alıb. Bir böyük kimi lazımlı şəkildə yönəltdikdən sonra internetdən istifadəyə icazə verdim. Çünki, internetdən müxtəlif cür istifadə etmək olur. Gənclərimizin çoxu tanışlıq üçün, sevgi məsələləri üçün və ya başqa məqsədlərlə istifadə edirlər. Mən qızları başa saldım ki, internetdə hərşey var, ondan kitab oxumaq üçün də istifadə etmək olar. Kimlər gəldi kimlər keçdi misalı, mənim yanıma da neçə-neçə qız gəlib. Mən həmişə çalışmışam ki, hər bir qıza bildiklərimi öyrədim, düzgün yönləndirim. Əgər o, mənim məsləhət bildiklərimi eləmirsə bu onun problemidir. Mən səmimiliyi xoşlayıram. Qızlarıma da həmişə deyirəm ki, oğlanlara inanmayın, aldanmayın. Bunu da hamıya şamil etmirəm, amma sənətdə, efirdə, göz qabağında olan insanlar belə məsələlərdə diqqətli olmalıdı.
- Oxuduğunuz kitablarda elə bir obraz olub ki, özünüzü onunla eyniləşdirmisiz, yaxın hissetmisiz?
-Mədinə: Elə obrazlar olub ki, fikirləşmişəm ki, kaş mən də belə olum.
-Gülüm: Mən daha çox şeirlərdə özümü tapıram. Elə şeirlər olur ki, deyirəm sanki, məndən bəhs edilib. Elə bil mənim həyatımı bir şeirə sığışdırıblar.
-Sevda: Şeirlərdə daha çox sevgidən, ayrılıqdan yazılır, ona görə də insan özünü tapa bilir.
-Orta məktəbdə necə oxumusuz?
-Gülüm: Məktəbdə texniki fənlər üzrə bir az axsayırdım. Düzdü, hazırlığa gedəndə irəliləyiş olurdu. Mənə həmişə deyirdilər ki, niyə oxumursan, sənin qabında var, sadəcə tənbəlsən. O vaxtlar hüquq işi üzrə çalışmaq istəmişəm. Evdəkilər də deyirdilər ki, baş işlətmək lazımdı, texniki fənləri də bilmək lazımdı. Coğrafiya, Azərbaycan dili, ədəbiyyat kimi fənləri kefimə düşəndə oxuyurdum. Amma, mənimki, musiqi, ingilis dili, bir də bədən tərbiyəsi idi.
-Sevda: Anam ibtidai məktəbdən başlayaraq bizə nəzarət edib, döyə-döyə öyrədib. O vaxtlar yaxşı oxumuşam. Beşinci sinifdən sonra siniflər bölündü, ondan sonra zəiflədim. Bir az avaralıq elədim, oxumadım. Biologiya fənnini daha çox sevmişəm. Müəllimimiz dəyişdikdən sonra həmin fənndən bir az uzaqlaşdım. Daha sonra tarix diqqətimi çəkməyə başladı, ancaq sonra ondan da uzaqlaşdım. Amma ən sevdiym dərs musiqi olub. Elə ibtidai sinifdən başlayaraq müəllimimiz mahnıları həmişə mənə oxudurdu. Bəzi müəllimlərimiz də mən dərsi bilməyəndə deyirdilər ki, sən mahnı oxu, qiymət yazacağam.
-Mədinə: Müəllimin psixologiya dərsi almaları önəmlidir. Çünki, hər uşaq eyni olmur. Bəzi uşaqlar onunla şirindillə danışılmasını xoşlayır, uşaq var ki, gərək onun başının üstündə durasan, Bu nüansları bilən müəllimlərimiz çoxdu. Amma, uşaqla ünsiyyət qurmağı bilməyən müəllimlər də var. Necə oxumağıma gələndə, 7-ci sinifə kimi əlaçı olmuşam. Sonra mən vuruldum. Amma, o vaxtların vurulmağı indiki kimi deyildi ki, nə görüşmək, nə əl-ələ tutuşmaq, nə kinoya getmək bunların heç biri olmurdu. Sadəcə elə uzaqdan-uzağa baxışırdıq. O gəlib məktəbin pəncərəsinin qabağında dururdu, mən də bütün gün ona baxırdım. Müəllim adımı çəkəndə belə eşitmirdim, elə bil məni yuxudan oyadırdılar. Savad çox mühüm məsələdi. Həmişə deyirəm ki, oğluma vacib bildiyim 3 biliyi vermək ən böyük arzumdu. Birincisi istəyirəm oğlum çox savadlı olsun. İkincisi özünü qorumaq üçün, ailəsini, vətənini qorumaq üçün yaxşı döyüşməyi bilsin, bir də yaxşı üzməyi bacarsın. Əlbəttə, bunlardan ən vacibi savaddı.
-Axırıncı dəfə nə vaxt kitabxanaya getmisiz?
-Mədinə: 11 il əvvəl Nərimanovdakı kitabxanaya getmişdim. Kitabxanadan kitab götürməkdənsə, orda oturub oxumağı xoşlayırdım.
-Sevda: 6-7 il əvvəl getmişdim.
-Gülüm: Bəzi şeylər var ki, adamı həvəsdən salır. Mənim yaşadığım yerdə, Əhmədli qəsəbəsində 1-2 kitabxana var idi. Ora nəzarət edənlər bədbin insanlar idi. Sanki kitabı vermək istəmirdilər, insan getdiyinə də peşman olurdu. Məktəbimizdəki kitabxanaçılardan da biri elə idi, amma biri də vardı ki, çox mülayim insandı.
-Sizcə əsərlərin kitab, yoxsa kino versiyası daha uğurlu alınır?
-Gülüm: Mənə görə, kinoları daha yaxşı alınır. Məsələn, “Yaprak dökümü”nü misal gətirə bilərəm.
-Mədinə: “Edemə qayıdış”ı iki dəfə izləmişəm, amma kitabdan aldığım zövqü ala bilməmişəm. Çünki, kinoda gözlə qidalanırsan, kitab oxuyada isə qəlbin qidalanır, beynin qidalanır, yəni gözlə oxuyub beyinə və qəlbə ötürürsən. Ona görə də, əsərlər ekranlaşdırılsa da, mənim üçün kitabın yeri ayrıdır.
-Sevda: Kitabdakı bir obrazın roluna girib, fikrən onu özün canlandırırsan. Yəni, kitabdan oxumaq daha maralıdı.
-Yarımçıq qoyduğunuz kitab olub?
-Mədinə: Yox mənim yarımçıq qoyduğum kitab olmayıb. Çünki həmişə mənə maraqlı olan kitabları seçmişəm. Kitabın maraqlı yeri ortadan sonra gəlir. Əsərin ortalarına yaxın hadisələr qarışır və sən deyirsən görən indi necə olacaq? Ondan sonra özünü saxlaya bilmirsən, hətta yemək yeyəndə belə oxuyursan. Mən bir dəfə bu məsələyə görə döyülmüşəm də. Rəhmətlik qardaşım çörək yeyəndə oxumağa qoymadı və məni vurdu.
-Sevda: Mən kitabların çoxunu yarımçıq qoymuşam, sonuna kimi səbrim çatmayıb.
-Kitabların qiymətindən razısız?
-Sevda: Kitabların qiyməti ilə tam tanış deyiləm. Ancaq məncə o qədər də bahalı deyil.
-Mədinə: Mən uzun zamandır kitab almıram. Evdə kitabxanam var, ordakıları oxuyuram. Mənə çoxlu kitablar hədiyyə olunub. Qızıl Aypara cəmiyyətinin sədri Novruz Aslanov 3 kitabını mənə hədiyyə edib. Elə kitabları da oxumaq lazımdı. Mən deyərdim ki, “Quran”ı da oxumaq lazımdı. Təəssüflər olsun ki, biz “Quran”ı sadəcə dinlə bağlayırıq.
- “Quran”ı oxumusuz?
-Mədinə: Hamısını oxumamışam, çünki bir az qəlizdi. Yəni, oxuduqca yeni mənalar ortaya çıxır. Hər dəfə oxuyanda yeni nə isə öyrənirsən. İstəyirəm ki, “Quran”a elmi kitab kimi yanaşılsın və hamı onu oxusun. Mən 6 il əvvəl bunu anlamışam və oxumağa başlamışam.
-Gənc şairlərdən kimlərin adını çəkə bilərsiz?
-Mədinə: Elşad Barat, Fuad Biləsuvarlının adını çəkə bilərəm. Sevinc var, Aysel var – gənc şairlərimiz çoxdu. Fuadın vətənə, 20 Yanvara, Xocalıya aid şeirlərini oxumuşam. Elə şairlərimiz də var ki, kitablarını əlimə alan kimi başa düşmüşəm ki, qəşəng pul buraxıb kitab çıxarıb, həmin insanların şeirləri mənə maraqlı olmayıb. Şeir elədi ki, 3-4 bəndin içində sanki böyük bir roman yerləşir. Şeir mənim ürəyimə yatmalıdı. Arada gənc şairlərdən mənə müraciət edənlər olur ki, bizimlə də işləyin, görürəm yox, çox bəsit şeirlərdi. Mən daha əvvəl yazılmamış, fərqli sözləri xoşlayıram. Məsələn, bizim üçün “Şorgöz” mahnısının sözlərini Leyla İsrafilova yazmışdı. O, mahnı böyük səs-küyə səbəb olanda zəng elədi, dedi ki onu oxumasınlar, mən daha gözəl sözlər yazaram. Dedim ki, o sözlər bizim sifarişimiz olub, pulunu da ödəmişəm və biz onu oxuyacağıq. Bizim “Utana utana” mahnımızın sözlərini yazan Yalçın Məlikovu bəyənirəm.
-Sevda: Mən mahnıların sözlərinin sadə olmağını xoşlayıram. Amma şeirdə qəlizliyi üstün tuturam. İstəyirəm ki, yeni sözlərdən istifadə olunsun və aşağıda həmin sözün mənası yazılsın. Belə olanda mən də yeni söz öyrənmiş oluram.
-Gülüm: Qənirə Paşayevanın çox gözəl şeirləri var, çox içdən, səmimi yazır. Şeirləri təsirli alınır.
-Aqşin Yeniseyi, Seymur Baycanı tanıyırsız?
-Mədinə: Yox tanımıram.
-Sevda: Mən də tanımıram.
-Gülüm: Adlarını eşitmişəm.
-Axırıncı hansı kitabı almısız və ya oxumusuz?
-Sevda: Axırıncı dəfə, 1 il əvvəl “Patriarxın payızı” kitabını almışdım.
-Gülüm: Mənim son vaxtlar aldığım kitablar ingilis dilli kitablar olub.
Mədinə: Hələ də Karneqeni oxuyuram. “Kukla Teatrı”ndan bir az aşağıda bukinistlərdə köhnə və ucuz kitablar satılır. Digər kitabları ala bilməyənlər ordan ala bilərlər.
-Bu günə kimi kiməsə kitab hədiyyə eləmisiz?
-Mədinə: Əlbəttə, son hədiyyəm “Uşaq ensiklopediyası” olub, oğlum üçün almışam. Oğlumun 9 yaşı var. Elə valideynlər var ki, uşağına maşın alır, bahalı hədiyyələr alır. Mənim də imkanım var, istəsəm gedib 200 manatlıq hədiyyə ala bilərdim. Amma mən 60 manata ensiklopediya aldım. Valideynlərə tövsiyə edirəm ki, uşaqlara kitab alsınlar. Oğlum da mənə kulinariya kitabı alıb. Bəxtiyar Vahabzadə ölməzdən 5-6 il öncə mən onun evində olmuşdum. O, mənə öz kitabını hədiyyə etmişdi. Mənə kitab hədiyyə edənlər çox olub, indi hamısı yadıma düşmür.
-Gülüm: Mən heç kimə hədiyyə etməmişəm, amma mənə kitab hədiyyə ediblər. Mənə “Əli və Nino” kitabını hədiyyə etmişdilər.
-Belə bir fikir var ki, hədiyyə olunan kitablar daha qiymətli olur. Sizcə də elədir?
-Gülüm: Hədiyyə olunan kitablar daha doğma olur.
-Sevda: Mənə kitab hədiyyə eləyən olmayıb. Həmişə özüm almışam. Gülüm deyir, hədiyyə olunan kitablar ona daha doğma olur, mənsə özüm alanda daha doğma hiss edirəm.
-Bugünə kimi aldığınız ən bahalı kitabın qiyməti nə qədər olub?
-Sevda: 15 manata “Komitet 300” kitabını almışdım.
-Mədinə: O vaxt rublla almışdım, indiki pulla 160-200 manata adını yadıma sala bilməsəm də 5-6 hissəli kitab idi.
-Gülüm: 10 manatdan çox olub.
-Buraya sizdən öncə də bir çox müğənni gəlib. Biz düşünürük ki, tanınmış simalar da oxumağı, kitaba sevgini təbliğ etməlidilər. Hər şeydən öncə özləri kitabı, mütaliəni sevməlidilər. Bu məsələdə sizin fikriniz necədi?
-Mədinə: Mən də sizin fikrinizlə razıyam. Amma bu da var ki, əvvəlki illərə baxanda indi bir az təbliğat artıb. İndi böyük ticarət mərkəzlərinə gedəndə kitab mağazalarını görürəm və çox sevinirəm. Əvvəllər pasaja gedirdik, amma sonra yığışdırdılar, indi yenidən kitab mağazalarının sayı çoxalır. Media işçiləri də bilir ki, mən aktual verilişləri çox sevirəm və məni həmişə belə verilişlərə dəvət edirlər. Sizə də çox sağol deyirəm ki, belə bir mövzuya toxunursunuz. Mənim də yadıma nələrisə saldınız, oxuduğum kitabları xatırladım, yeni şeylər öyrəndim. Bu yolu tutmusuz və mən arzulayıram ki, belə də davam edəsiz, mən də bir daha gələndə sizə öz kitabxanamdan kitablar gətirəcəm. Amma rus dilində olacaq, üzrlü hesab edin. O kitabları yadigar kimi sizə bağışlayacağam. Sizin bu missiyanı öz üzərinizə götürməyiniz böyük bir işdi.
- Bizim bu layihəni həyata keçirməkdə məqsədimiz odur ki, insanlarda mütaliəyə həvəs artsın və heç kitab oxmayanlarda da kitaba maraq yaransın.
-Sevda: Çox yaxşı, mənə çox xoş oldu.
-Gülüm: Arzu edirəm belə layihələrin sayı çoxalsın.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR