Ziyalılar İranın iddiasını “absurd” adlandırdılar
İran xarici işlər nazirinin nümayəndəsi Seyid Əli Əraqçi, jurnalistlərə açıqlamasında Azərbaycanın Nizami Gəncəvini öz şairləri kimi təqdim etməsinə etiraz edib. İran rəsmisinin sözlərinə görə, Nizami Gəncəvinin Gəncədə yerləşən məqbərəsindəki fars dilində yazılan şeirlər təmir adı ilə ordan götürülüb. “Əgər Azərbaycanın səyləri ilə Nizaminin məqrəbəsindəki farsdilli şeirlər sabah dəyişib türk dilində yazılsa belə, bunlar onun mədəni və tarixi baxımdan fars xalqına mənsubluğunu dəyişə bilməz”
“Nizami böyük şairdi, yazıları ilə hamının üzərinə işıq salıb. Gəncə şairidir. Gəncə bütün tarixi boyu nə İran şəhəri olub, nə də farsların yaşadığı şəhər”. Bunu Simsar.az-a açıqlamasında AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca söyləyib. “İranlılar sadəcə boş-boş danışırlar. XII əsr elə dövr idi ki, onda bu sərhədlər mövcud deyildi. Nizami isə bu sərhədləri keçərək əsərlərini tanıdıb, dünya da qəbul edib ki, Nizami Azərbaycan şairidir. Onların danışdığı cəfəngiyyatdan başqa bir şey deyil. Onların ağlına, boş sübutu olmayan iddialarına güləcəklər. Çünki bir sözü deyəndə gərək onu sübut edəsən. Biz vaxtında Nizaminin Azərbaycan şairi olduğunu sübut etmişik. Başqa dildə yazmaq o demək deyil ki, bu başqa millətin şairidir. Bu sadecə absurddur. Farslar sevirlərsə, qoy oxusunlar, günəş elə şeydir ki, işığı hər yerə düşür”.
Milli Məclisin Mədəniyyət komissiyasının sədri, deputat Nizami Cəfərov bu iddianı gözü götürməməklə, paxıllıqla əlaqələndirərək bildirdi ki, bunu deyən insanlar gülünc qınağına layiq insanlardır. “Təqqiqatçılar məsələnin mahiyyətini bildiklərinə görə həmişə bildiriblər ki, onun əsərindən türk ətri, qoxusu gəlir. Onun əsərlərində türkçülüyə aid poetik xüsusiyyətlər, atalar sözləri, türkçülük uslubu var. 1500 illik ənənənin nəticəsidir ki, Nizami Gəncəvi bütün mükəmməlliyi ilə öz yaradıcılığını ortaya qoyub.Bunu deyənlər savadsız elmsiz insanlardır. Nizami Gəncəvinin farsca yazmağına gəldikdə isə, bu, bir ənənə olub. Fars dilində yazdığına görə gərək biz Xaqanini də fars şairi sayaq, Füzulini, hətta Şəhriyarı da. Nizami fars şairi olsaydı Firdovsi, Hafiz, Sədi kimi bu qədər türk ifadələri, atalar sözləri yazmazdı. Türklər barədə dərin söhbətlər olmazdı. Nizaminin “İsgəndərnamə” poemasında Makedoniyalı İsgəndərə müəllifin rəğbəti onun fars olmadığına dəlalət edir. Ən əsası Nizami fars şairi olsa idi, Makedoniyalı İsgəndəri ideal hökmdar kimi təqdim etməzdi. İran ədəbi ictimai fikrində bu ola bilməz. Çünki Makedoniyalı İsgəndər farslar üçün tarixi düşməndir. Türk xalqlarında, xalq ədəbiyyatımızda Makedoniyalı İsgəndər müsbət işıqlandırılır. Nizami Gəncəvinin türk olması heç kimdə şübhə doğurmur. Xüsusən son dövrlərdə mənfur qonşularımız da onun azərbaycanlı olmadığını iddia edirdilər.Ancaq bu əsası olmayan bir fərziyyədir”.
Millət vəkili Nizami Gəncəvinin yaradıcılığının Azərbaycanla bağlı olduğunu bildirərək onun türk olduğunu iranlı müəlliflərin də yazdığını bildirib. “Həm türk, həm də fars alimləri 30-cu illərdən yazırlar ki, Nizaminin farsdilli şeirlərindən türk ətri gəlir. Nizami Gəncəvi barədə müxtəlif vaxtlarda səslənən kökündən yanlış fikirlərə həmişə cavab veriləcək. Nizami Gəncəvi yaradıcılığı ilə ədəbiyyatımıza o qədər bağlanıb ki, onu bu ədəbiyyatdan, bu torpaqdan qoparmaq mümkün deyil”.
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə İranın Nizami Gəncəvini İran şairi adlandırması ilə bağlı iddiaları eşidən zaman heç təəccüblənmədi. “İran həmişə bu fərziyələri irəli sürür. Biz Nizami Gəncəvinin Azərbaycan şairi olmasını sübüt etmişik. Mən onlardan soruşuram ki, deyirsiniz Nizami sizin şairinizdir. Sübüt edin. Əlinizdə olan yeganə bir şey isə Nizaminin fars dilində yazıb yaratmasıdır. Nizami farsca yazıb, amma özü dəfələrlə yazılarında qeyd edib ki, mən əcəm türküyəm. Deməyib ki, farsam. Fars dilində yazsa da Azərbaycanı sevib və öz xalqını tərənnüm edib. O zaman belə çıxır ki, kim hansı dildə yazırsa, deməli o xalqa mənsubdur. Bizim elə yazıçı, şairlərimiz var ki ancaq rus dilində yazıblar. Onda onlar rus millətinə mənsubdurlar?! İranlıların bu fərziyələrinə mən sadəcə gülürəm. İki il bundan əvvəl İranın azərbaycandakı səfiri də bildirmişdir ki, Nizami Gəncəvi fars şairidir. Azərbaycan tərəfi yenədə onların iddialarını boş bir yalan olduğunu sübüt etdi. Məncə İran hələ çox deyəcək ki, Nizami Gəncəvi fars şairidir. Kim istəməz ki, Nizami Gəncəvi kimi bir şairi, mədəniyyəti olsun”.
Dilçilik İnstitunun direktor əvəzi Fəxrəddin Veysəlov “Nizami Gəncəvini təhlil edərkən onun yaradıcılığını bütovlükdə qiymətləndirmək lazımdır.Yəni o farsca yazıb deyən fars şairi olduğu demək deyil. O bütöv yaradıcılığında bildirib ki, azərbaycanlıdır. İranlılardan fərqli olaraq biz sübüt etmişik. Ancaq bunu farslar görmək istəmir. Məncə, Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi dünyada çox gözəl təbliğ olunur. Hətta beynəlxalq aləm bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir. İran həmişə deyib və deyəcək. Bəzi qüvvələr Nizaminin əsərlərini özününküləşdirmək istəyir. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir. O ki qaldı hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə çıxmaq, yaxud da özünküləşdirmək məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin zəngin olmasıdır. Bu təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi Üzeyir bəyin əsərləri özünküləşdirilir. Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Nizami Gəncəvinin türk dilində əsəri tapılmayıb. Dahi şair öz əsərlərini, əsasən, fars dilində yazıb və bu məsələ çox hallarda Nizaminin milliyəti ilə bağlı mübahisələrə səbəb olub”.
Aynur Bayramova
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR