.
Dünən Azərbaycan xalqının həyatında olduqca əhəmiyyətli və tarixi günlərdən biri yaşandı. Azərbaycan xalqı sərbəst və azad şəkildə öz konstition hüququndan istifadə etdi və gələcək beş il üçün öz liderini seçdi.Ümumilikdə seçkilər olduqca demokratik və şəffaf şəkildə keçdi. Bunu sadəcə MSK və yerli müşahidəçilər deyil, dünyanın bir çox ölkələrindən seçkiləri izləməyə gələn müşahidəçilər və dünyanın bir çox beynəlxalq təşkilatlarının nümayəndələri də öz hesabatlarında əks etdirdi.
Ümumilikdə seçkidə on namizəd mübarizə apardı. Hələ seçkilərdən əvvət apponentlər arasında aparılan ictimai rəy sorğuları potensial liderin hazırkı prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev olduğunu deməyə əsas verirdi. Bir çox siyasi analitiklər də onun şanslarını yüksək qiymətləndirirdi. Doğurdan da İlham Əliyevin on illik prezidentliyi dövründə Azərbaycan istər daxildə, istərsə də beynəlxalq arenada bir çox uğurlar qazanıb. Sadəcə Azərbaycanın BMT TŞ-na üzv seçilməsini və quruma rəhbərliyini qeyd etmək kifayətdir.
Ümumilikdə bu dəfə yüksək seçki fəallığı qeydə alındı. Xüsusilə gənclər çox fəal idilər.
Seçkiqabağı abu-hava: Seçkiqabağı keçirilən tele-debatlar namizədlərin bir-birinə qarşılıqlı ittihamları ilə yadda qaldı. Xüsusilə müxalifət öz ampulasında çıxış etdi, iqtidar da lazımı cavabları verməkdən çəkinmədi.
Seçkilərə hazırlıq: Hakim partiyanın seçkilərə vahid namizədlə gedəcəyi əvvəlcədən məlum idi. Müxalifət isə seçkilərə namizədini uzun müddət təyin edə bilmədi. Onlar əvvəlcə kinodramaturq R.İbrahimbəyovun üzərində dayandı. Lakin sonradan bir sıra problemlər ortaya çıxdı. Əvvəla İbrahimbəyov öz tərəfdarları ilə Bakıda yox, Rusiyada görüşdü. Digər bir tərəfdən müxalifət bu seçkidə Rusiyadan böyük dəstək alacağına ümid bəsləyirdi. Əgər belə olmasaydı, o zaman onlar V. Putinə məktub ünvanlamazdı. Lakin Putinin Bakı səfəri onların arzusunu gözündə qoydu. Müxalifətin Rusiyanın yardımı ilə qurmaq istədiyi plan iflasa uğradı. Bu ərəfədə İbrahimbəyovun vətəndaşlıq problemi onu seçkidən kənarda qoydu. Bütün bunlar müxalifəti yeni namizəd axtarışına çıxmağa sövq etdi və nəticədə, Milli Şuranın yeni namizədi Cəmil Həsənli oldu. Həmin Cəmil Həsənli ki, uzun müddət hakimiyyətə yaxın sima kimi tanınmışdı və hətta deputat mandatı daşımışdı. Sonrakı proseslərdə müxalifətdə çox yüksək vəzifədə təmsil olunmayan Cəmil Həsənlinin ortaya çıxması xalq tərəfindən təəccüblə qarşılanmışdı. Çox təəssüf ki, müxalifət oyunu hörmətli professorun üzərində qurdu. Və Cəmil Həsənli onun üzərindən oynanan oyunların fərqinə varmadı.
Ötən seçkilərdən müxalifət yol verdiyi yanlışları yenə də davam etdirdi. İlk olaraq hakimiyyətə gəlmək üçün gücü daxildə, xalqın içində axtarmaq əvəzinə xaricə, xaricdəki müəyyən qüvvələrə üz tutmaq. İkincisi heç bir şəkildə birliyə nail ola bilməmək. Üçüncüsü isə Rüstəm İbrahimbəyov üzərində dayanmaq və alternativ namizəd kimi Cəmil Həsənlini ortaya çıxarmaq və bunda belə gecikmək. Sadaladıqlarımız müxalifətin məğlubiyyətinin reallıq olduğunu qaçılmaz edirdi. Seçkilərdə dediklərimiz baş verdi. Əvvəla xalq səsini İlham Əliyevə verdi. İkincisi isə müxalifət özünə dayaq tapa bilmədi.
Bütün bunların fonunda iqtidar çox sakit bir formada seçkiyə getdi. İlham Əliyev seçki gününə qədər heç bir zaman öz siyasi rəqiblərinin əleyhinə açıqlamalar vermədi. Xalq isə onun beş illik əməyinin əvəzində ən layiqli namizədə dəstək verdi. Ümumən kiçik qayda pozuntularını nəzərə almasaq seçki çox şəffaf keçdi. Xalq yenidən ölkənin sükanını ən layiqli namizədə İlham Əliyevə təslim etdi. Prezidentin qələbəsinin əsas səbəbi məhz onun xalqa güvənməsi və xalqın da bu güvəni boşa çıxarmaması oldu.
Yekun olaraq qeyd edək ki, müxalifət bu seçkidə yenə də məğlub oldu. Çünki müxalifət vaxtilə xalqın ona olan inamını qırmışdı.
İlham Əliyevsə xalqın səsi ilə üçüncü dəfə Azərbaycanın prezidenti seçildi. İndi xalq daha böyük uğurlar gözləyir.
İsa Bağırov
DİGƏR XƏBƏRLƏR