Simsar.az qədim zamanlardan bəri insanları heyrətləndirən “Dünyanın yeddi möcüzəsi”nin sirləri və tarixi barəsində gizli məlumatları sizə təqdim edir. Ən qəribəsi isə budur ki, abidələrin çoxunun necə tikilməsi barəsində sirləri hələ də alimlər aydınlaşdıra bilmir. Bu da möcüzələrin müammalı tərəflərini özündə əks etdirir.
Misir ehramları və Sfinks
“Dünyanın yeddi möcüzəsi”ndən biri daşdan düzəldilmiş Misir fironlarının sərdabələridi. Təqribən 5 min il əvvəl Qədim Misirdə tikilib. Bu zaman fironların hakimiyyəti hədsiz-hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılıb. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilib. Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları parçalayırdılar. Bu qaya parçaları kəndirlərlə dartılıb tikinti yerinə aparılırdı. Ehramlar ucaldıqca, onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdu.
Firon Xefrenin ehramı ondan 2 metr alçaqdı. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənin yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı əmr edib. "Keşikçi" insanbaşlı və aslanbədənlidi. O, Sfinks adlanır. Təbii ki, belə hallar insanda çox suallar doğurur, yəni o zamanlarda tunc alətlər, buldozerlər və ona bənzər qurğular olmadığı halda bəs misirlilər bu piramidaları necə tikiblər?
Bəzi arxeoloq və araşdırmaçıların sözlərinə görə, misirlilər qeyri-adi güclərdən istifadə ediblər. Fərziyyələrə görə, guya misirlilər sehirli iksir düzəldib və bu iksirləri içiblər. Bu onlara insanda ola bilməyəcək qədər güc verib və beləcə onlar bu piramidaları tikiblər. Bəzi fərziyyələrə görə isə tikintidə sehrdən istifadə edib bir daşı yerindən oynada biliblər və beləcə o piramidaları tikiblər. Misirlilər qeyri-adi qüvvələrlə birbaşa təmasda olublar və göydə yaşayan qeyri-adi qüvvələr misirlilərə piramidanı tikməkdə kömək ediblər.
Arxeoloqların araşdırmalarına görə, Misirdəki əsas 3 piramida, məhz göydəki Sirius ulduzunun duruşu istiqamətində tikilib. Arxeoloqlar bildiriblər ki, piramidaların içərisində bir otağa daxil olublar və bu otaqda isə göyə baxmaq üçün deşik varmış. Beləcə arxeoloqlar bu deşikdən göyə baxanda sadəcə Sirius ulduzunu görüblər.
Təsəvvür eləyin ki, bir otağa girmisiz və başınızın üstündə tavanda bir deşik var və o deşikdən də göyə baxmaq olur. Amma o deşikdən sadəcə Sirius ulduzunu görürsünüz.
Semiramidanın asma bağları
“Dünyanın ikinci möcüzəsi" Semiramidanın asma bağları Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşib. Əfsanəyə görə bu bağlar Assuriya melikesi Semiramidanın əmri ilə yaradılıb. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınıb.
Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış şəkildə tikib və sarayın ortasında süni meydan tikilib. Bu meydana 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülüb və burada bağ salınıb. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırıb.
Artemidanın Efes şəhərindəki məbədi
Qədim yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi “dünyanın üçüncü möcüzəsi" sayılıb. Bu məbəd təxminən 120 ilə tikilib və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olub. Məbəd özünün gözəl naxışları və qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı, ildə Herostrat adlı bir nəfər söhrətlənmək istəyərək, məbədi yandırıb. Bundan sonra Herostratin adı mənasız, barbarlıq rəmzi olub.
Olimpiyadakı məbəddə Zevsin heykəli
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli var. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl “dördüncü möcüzə" hesab olunur.
Qızıldan, fil sümüyündən və qara ağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zəvsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı.
Zevsin başı, qolları, sinəsi fil sümüyündən yonulub. Saqqalı qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi verib. Zevsin saqqalı haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.
Halikarnasda Mavsolun məqbərəsi
“Beşinci möcüzə" Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olub. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Məqbərənin birinci yarısı ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarısı yarasıqlı mərmər sütunlardan, üçüncü yarısı isə ehram şəkilli mərmər damdan ibarət idi.
İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Qeyd edək ki, "mavzoley" sözü də Mavsolun adından yaranıb.
Rodos nəhəngi
E. ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl “altıncı möcüzə" idi.
Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunub. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu himayəçiləri sayırdılar.
İsgəndəriyyədəki mayak
Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim Yunanıstanın ən böyük mayakını tikir. “Dünyanın yeddinci möcüzəsi" sayılan bu qüllənin hündürlüyü 120 metrdi. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanıb.
Sara Rüstəmova
DİGƏR XƏBƏRLƏR