Simsar.az xəbər verir ki, Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2013" Beynəlxalq Turizm Sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı şöbəsinin müdiri V.Şixəmmədov, həmin sektorun baş məsləhətçisi T.İsmayılova, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun məsləhətçisi A.Salmanov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Z.Əliyev, Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri N. Qafarova və "Azerbaijan review" jurnalının əməkdaşı İ.Nəcəfquliyev daxildi.
Həmçinin sərgidə 11 yerli turizm şirkəti, "Geo Travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "Victory tour", "Spektr travel", "AL travel", "İmprotex travel", "ATA travel", "Xəzər travel", 3 mehmanxana "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach hotel", "Gallery hotel" təmsil olunur.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılmış, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb.
Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün stendimiz ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on birinci dəfədir ki, "WTM" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 192 ölkədən 5500-ə yaxın şirkət təmsil olunub.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR