Əməkdar artist Şəfiqə Qasımovanın 89 illiyidir
Respublikanın Əməkdar Artisti Şəfiqə Qasım qızı Qasımova 5 dekabr 1924-ci ildə Bakı şəhərində dünyaya gəlib. Komunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olub. Balaca yaşlarında valideyinlərini itirib və nənəsi tərəfindən böyüdülüb.
14 yaşında Maestro Niyazinin bədii rəhbərlik etdiyi və Həbib İsmayılovun baş rejissor olduğu Musiqili Komediya Teatrının Xorunda çalışmağa başlayır. Həm Azərbaycan, həm də rus bölməsində oxumağa başladı. Gözəl səsə malik olduğundan dahi bəstəkar Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın Kapellasına dəvət edir. Cahangir Cahangirovun bədii rəhbərlik etdiyi Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləyir.
Şəfiqə Qasımova II Dünya Müharibəsi illərindəAzərbaycan Konservatoriyasına qəbul olunur və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilir. Opera səhnəsində Üzeyir bəyin "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və s. obrazları yaradır. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olur.
Teatrda ilk fəaliyyətinə məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlayır. Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olur. Oynadığı tamaşalar arasında "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Boşanıb evlənərik", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", "Keto və Kote" və s. var
Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalıb: "Ögey ana", "Vulkana qarşı", "Bizim məhəllənin uşaqları" və s. bu filmlər sırasındadı.
Aktrisa iki dəfə ailə həyatı qurub. Respublikanın Xalq Artisti Əşrəf Həsənovla uğursusluqla nəticələn evlilikdən sonra, aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, Əməkdar İdman Ustası Musa Babayev ilə ailə həyatı qurur.
Şəfiqə xanım 4 övlad, 8 nəvə və 6 nəticə sahibi olub.
2002-ci ildən Prezident təqaüdünə layiq görülüb.
Aktrisa 3 aprel 2008-ci il 84 yaşında dünyasını dəyişib.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR