TQDK: “Son üç illə müqayisədə Naxçıvan MR-dan ali təhsil müəssisələrinə qəbul olanların faizində artım müşahidə olunub”
2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və buraxılış imtahanları ilə bağlı keçirilən müşavirədə rayon, (şəhər) təhsil şöbələrinin, təhsil müəssisələrinin rəhbərləri, Naxçıvan MR Təhsil Nazirliyinin nümayəndələri, KİV nümayəndələri və s. iştirak ediblər.
Müşavirədə TQDK Naxçıvan MR regional bölməsinin rəhbəri Sabir Məmmədov 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun və buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə dair təqdimatla çıxış edib.
Təqdimatda buraxılış və qəbul imtahanlarında əldə olunmuş nəticələrin geniş elmi-statistik təhlilinə dair məlumatlar qeyd edilmiş, təhsil müəssisələrinin nəticələrinin respublikanın ümumi orta göstəriciləri ilə müqayisəsi aparılmış, fənlər üzrə göstəricilər, ali təhsil müəssisələrinin reytinqi haqqında məlumat verilmiş, bu məlumatlar əvvəlki illərin nəticələri ilə müqayisə edimiş və digər məlumatlar səsləndirilib.
2013-cü ildə ilk dəfə olaraq Naxçıvan MR-də buraxılış imtahanları keçirilib. Muxtar Respublikanın rayonlarının nəticələri təhlil edilərkən 4 rayonun məzunlarının buraxılış imtahanlarında ana dili və riyaziyyat fənləri üzrə birlikdə topladıqları orta balın respublika üzrə orta göstəricidən yuxarı, digər 4 rayonun məzunlarının topladıqları orta balın isə aşağı olduğu müşahidə edilir. Belə ki, Şahbuz rayonu üzrə məzunların hər iki fənn üzrə topladıqları orta bal 35.66%, Naxçıvan şəhəri üzrə 35.56%, Culfa rayonu üzrə 32.74%, Ordubad rayonu üzrə 32.10%, Şərur rayonu üzrə 29%, Sədərək rayonu üzrə 28.87%, Kəngərli rayonu üzrə 28.66%, Babək rayonu üzrə 28.63% olub.
Son illərin müqayisəsi göstərir ki, məzunlardan həm abituriyentlərin sayında, həm qəbul olanların faizində, həm də yüksək bal toplayaraq ali məktəblərə qəbul olanların faizində artım var. Müqayisə üçün son 3 ili göstərmək olar.TQDK-nın mətbuat xidmərtindən Simsar.az-a verilən məlumata görə, 2011 – ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında Naxçıvan MR məzunlarının 69.21%-i, 2012 – ci ildə 72.24%-i, 2013 – cü ildə isə 74.45%-i iştirak edib. 2011 – ci ildə abituriyentlərin 36.51%-i, 2012 – ci ildə 43.43%-i, 2013 – cü ildə isə 47.57%-i ali məktəblərə qəbul olub. Muxtar Respublika üzrə 301 abituriyent 500-700 intervalında bal toplayıb. Bunlardan 31 nəfəri 650-700, 77 nəfəri 600-650, 193 nəfəri isə 500-600 intervalında bal toplayıb. 500 – dən çox bal toplayan abituriyentlər MR üzrə əvvəlki illərin məzunları ilə birlikdə qəbul imtahanlarında iştirak edən 5774 abituriyrntin 5.21 % - ni təşkil edir. 500-700 intervalında bal toplayan abituriyentlər 111 məktəbi təmsil edir ki, bu da Naxçıvan MR-də fəaliyyət göstərən 207 tam orta məktəblərin 53.62%-ni təşkil edir.
Attestat qiymətləri əla olan abituriyentlərin Naxçıvan şəhəri üzrə 1.01%-i, Culfa rayonu üzrə 2.56%-i, Kəngərli rayonu üzrə 4.35%-i, Ordubad rayonu üzrə 4.44%-i, Şərur rayonu üzrə 3.77%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər Naxçıvan şəhəri üzrə 65.66%, Babək rayonu üzrə 60.61%, Culfa rayonu üzrə 35.90%, Kəngərli rayonu üzrə 47.83%, Ordubad rayonu üzrə 42.22%, Şahbuz rayonu üzrə 51.72%, Şərur rayonu üzrə 47.17% təşkil edib. 2013-cü ildə 15 məzun qızıl, 9 məzun isə gümüş medala layiq görülüb. Bu məzunlardan 14 nəfəri 650-700, 7 nəfəri 600-650, 3 nəfəri isə 550-600 intervalında bal toplayıb.
Ali təhsil müəssisələrinə qəbul olma faizinə görə ən yüksək nəticə göstərən 10 rayon içərisində Ordubad, Şahbuz və Şərur rayonları da yer alıb. Ən aşağı nəticə göstərən 10 rayon içərisində Naxçıvan MR-in heç bir rayonu yoxdur.
Abituriyentlərin sayına nəzərən yüksək balların faizinə görə Naxçıvan Türk Liseyi ölkə üzrə 2-ci yerdədir.
Ana dili fənnindən Şahbuz və Culfa rayonu, ədəbiyyat və riyaziyyatdan Naxçıvan şəhəri, fizika və kimyadan Culfa rayonu, Tarixdən Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli rayonları, coğrafiya və ingilis dilindən Naxçıvan şəhərinin abituriyentləri yüksək nəticə göstərmişlər. İmtahan fənləri üzrə bütövlükdə götürdükdə yüksək nəticə nümayiş etdirən təhsil şöbələri və liseylər arasında Naxçıvan şəhəri və Culfa rayonu öz əksini tapıb.
Ədəbiyyat və tarix fənləri üzrə Naxçıvan Türk Liseyinin abituriyentləri, alman dili üzrə Babək rayon Kərimbəyli kənd tam orta məktəbinin abituriyentləri ölkə üzrə 1-ci nəticə göstəriblər.
Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul olma göstəriciləri bölgə abituriyentlərinin sayına görə Naxçıvan şəhəri üzrə 19.61%, Şərur rayonu üzrə 10.84%, Babək rayonu üzrə 12.02%, Culfa rayonu üzrə 16.24%, Ordubad rayonu üzrə 18.36%, Kəngərli rayonu üzrə 13.30%, Şahbuz rayonu üzrə 21.43%, Sədərək rayonu üzrə isə 10.00 % olub.
Muxtar Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə nəzər salarkən Naxçıvan Dövlət Universitetinin bölgə ali təhsil müəssisələri arasında birinci yeri tutduğunu müşahidə etmək olar. Yüksək nəticə göstərərək Naxçıvan Dövlət Universitetinə qəbul olanların sayı 23-dür. Reytinq cədvəlində də bu ali təhsil müəssisəsi respublika üzrə 9-cu, bölgə ali təhsil müəssisələri arasında isə birinci yeri tutur.
2013 – cü ildə Naxçıvan MR-də sınaq, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar 150 imtahan rəhbəri, 2168 nəzarətçi, 107 mühafizəçi, 79 nəfər bina nümayəndəsi, 79 nəfər xadimə, 11 nəfər isə SQK nümayəndəsi cəlb edilmiş və onlara müvafiq olaraq 7553.40 manat, 67842.80 manat, 5271.40 manat, 2071.90 manat, 1429.90 manat, 801 manat, ümumilikdə isə 84970.40 manat məbləğində vəsait ödənilib.
2013/2014-cü tədris ili üçün Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair “Abituriyent” jurnalının 12-ci sayı, MR-in şəhər və rayonlarının 2013-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar toplusunu əks etdirən jurnalın əlavələri məktəblərin sayına uyğun şəhər və rayon təhsil şöbələrinə pulsuz təqdim edilib, bu materiallar əsasında şəhər və rayon təhsil şöbələrində və təhsil müəssisələrində təhlillərin, müzakirələrin aparılması tövsiyə olunub.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR