Masallı rayonunun Şərəfə kəndində bir evdə baş vermiş yanğın faciə ilə bitib.
Simsar.az_ın məlumatına görə axşam saatlarında baş verən yanğın zamanı evin sahibi, 76 yaşlı Hümbətov Naib Məhəmməd oğlu yanaraq ölüb. Yanğın haqda məlumat yanğınsöndürənlərə dünən axşam saat 21.15 radələrində xəbər verilib və iki yanğınsöndürən maşın şəxsi heyətlə birgə dərhal hadisə yerinə gedib. Alovlar güclü olduğundan 150 kv.m sahəsi olan 5 otaqlı fərdi yaşayış evinin yarısı içərisindəki əşyalarla birgə yanaraq kül olub. Ən dəhşətlisi isə ev sahibi N.Hümbətovun evdə yanaraq faciəli şəkildə həyatını itirməsidir. Hadisə şahidləri yanğına maye qaz balonunun səbəb ola biləcəyini ehtimal edirlər.
Mərhumun qardaşı Adil Hümbətov sözlərinə görə yanğına səbəb qaz balonu olub: “Evdə qaz xətti var idi. Amma istifadə etmirdilər, odun sobası yandırırdılar. xörək bişirmək üçün qaz balonundan istifadə edirdilər. Elə qaz balonundan da partlayış olub".
Hadisə şahidi Rəhman Xanhüseynov isə partlayış baş verən evə birinci gəldiyini deyir: “Partlayış səsi eşitdim. Gəldim gördüm ev yuxarıdan yanır. Çöldə də heç kim yox idi. Birinci mərtəbədən içəri girdim. Gördüm nənə ilə uşaq qalıblar tüstünün içində. Dərhal onları çölə çıxartdım. Pəncərədən əmimi çağırdım. Səs verən olmadı. Evi alov daha da çox bürümüşdü. Ona görə də ikinci dəfə evə girə bilmədim.
Yaxınları deyir ki, hadisə nəticəsində dünyasını dəyişən Naib Hümbətov gözləri görmədiyinə görə vaxtında evi tərk edə bilməyib.
Yanğının baş verməsinin dəqiq səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır.
DİGƏR XƏBƏRLƏR