8 Mart Qadınlar Bayramı ilə bağlı, əslində kişilərin fikirlərini öyrənmək daha maraqlı olsa da, biz üç sualla üç qadına müraciət etdik. Əsas məqsəd isə az qala hər gün yeniləşən dünyamızda qadınlarımızın ÜRƏK SƏSİNİ eşitməkdi. Müraciət etdiyimiz qadınlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirlər – Milli Məclisin deputatı Rəbiyyət Aslanova, Bəstəkar Xanım İsmayılqızı, jurnalist Züleyxa Nadir.
1. Boyüklərimdən eşitdiyim bir el məsəli var “Qadının başı dağcan olsa da, ayağı tükcəndi”. Müsahiblərimdən bu el məsəlinə münasibət bildirmələrini istədim. Sualım onların hər üçünə əvvəl qəribə, sonra maraqlı gəldi. Onlar belə bir məsəl eşitmədiklərini dedilər. Amma bir az düşünüb çox maraqlı fikirlər bildirdilər.
Rəbiyyət xanımın etirazla qarşıladığı bu el məsəlinə reaksiyası əsl dövlət adamına xas oldu: “Mən bu baxışla qətiyyən razı deyiləm. Qadının başı dağcandırsa, demək o güclü ayaqlar üzərində dayanıb. Bu torpağın üstündə qətiyyətlə, qürurla dura bilməyən qadının başı heç vaxt dağcan ola bilməz. Cəmiyyətdə və ailədə özünü təsdiq etmiş, nə istədiyini, haradan gəlib hara getdiyini yaxşı bilən, gözəl məqsədi olan və onun üğrunda öz fəaliyyətini ortaya qoyan bir qadının başı dağcan ola bilər. Mən bütün Azərbaycan qadınlarına belə güclü və qətiyyətli olmağı arzulayıram. Güclü olmaq kişiyə oxşamaq yox, mənəvi dəyər, mənəvi göstəricidi. Özünü kişiyə bənzədən qadın, özünü qadına bənzədən kişi qədər eybəcərdi. Qadın qadındı va öz qadınlığını qoruyub saxlamalıdı. Bir insan və şəxsiyyət olaraq qadın böyük dəyərlərin daşıyıcısıdı. Qadın anadı, qadın yaradıcıdı – bu dünyanın sakitliyinə, əmin-amanlığına sabitliyinə cavabdeh birisidir. Bu baxından qadında olan güc kişidə yoxdu. Ümumiyyətlə, şəxsiyyət bütövlüyü həm qadın, həm də kişi üçün önəmlidi”
Yaradıcı insan, sevilən bəstəkar Xanım İsmayılqızınınisə bu məsələ münasibəti başqa cür oldu. “Əslində qadın doğrüdan da güclüdü. Amma nə qədər güclü, özündən razı olsa da, yenə də zərif məxluqdu. Bəzən, birisi haqqında deyirlər ki, kişi kimi qadındı. Mən bunu qəbul etmirəm. Qadın qadındı, kişi də kişi. Amma arzu edirəm ki, qadınlarımızın əhatəsində olan doğmaları – ataları, qardaşları, həyat yoldaşları, oğulları – kişilərimiz elə mətin, cəsarətli, güclü, qadına arxa ola biləcək əsl kişi xüsusiyyətli olsunlar ki, qadınlarımız kişi kimi olmaq məcburiyyətində qalmasınlar”. Sonra o, xalqımızın başra bir deyimini yada saldı: “Kişi başdısa, qadın boyundu”. Və bu ibratamiz məsələ çox gözəl bir yozum verdi. “O boyunu döndərmək üçün fiziki gücə yox, mənəvi gücə ehtiyac var. Ailə kiçik dövlətdi. Orada qadının, yaxşı mənada, siyasəti varsa, güclüdüsə, o, başçını yaxşı tərəfə döndərər. Belə ailə düzgün idarə olunur”.
4-cü hakimiyyətin nümayəndəsi Züleyxa Nadir bu deyimdə bir həqiqət olduğunu düşünür. “Bu deyimdə təbii ki, həqiqət var. Bu da ondan irəli gəlir ki, qadın fiziki cəhətdən zəifdir, həm də zərif məxluqdur. Bu zəriflik və zəiflik Tanrı tərəfindən qadına verilmiş müqəddəs bəxşişdir. Baxır kim bu bəxşişi necə saxlayır, necə dəyərləndirir. Əslində qadın dünyanın ağıllı və kamil bir varlığıdır. Bu, özünü ailədə də, cəmiyyətdə də göstərir. Bəşər yaranandan qadın zəkası bütün sahələrdə qalib gəlib. Bu o deməkdir ki, qadın daxilən daha güclüdür. O hər çətinliyə, zülmə, əzaba bu güc vasitəsi ilə dözür, mənən yorulmur, usanmır. Kişilərin görə biləcəyi ağır iş qadına aid deyil. Doğrudur, bəzən elə olur ki, qadın həm də kişi rolunda olur. Bu, daha çox ailədə baş verir, yəni ailənin başçısı qadındırsa, o, “kişiləşir” qadınlığını itirir. Amma bir kişi tərəfindən səmimi deyilmiş xoş söz, gözəl ifadə anındaca onun xanımlığını bərpa edir, daş-kəsək arasında itib qalmış qadınlıq duyğusunu geri qaytarır (etiraf etməsə belə). Deməli qadının zəifliyi məhz onun qadınlıq duyğusundadır. Və bu duyğu həmişə onu güclü edir”.
2. Bəs bu xanımlar ailədə məsləhət verəndilər, yoxsa qərar verən?
Bu dəfə Rəbiyyət xanımın təkcə sözlərində deyil, səsinin ahəngində də əsl qadın ruhu hiss olunur: “Ailədə diktator olmaq lazım deyil. Uşaqlar körpə olanda mən həm məsləhət verən, həm də qərar verən idim. Amma zaman keçdikcə, uşaqlar böyüdükcə, bəzən, mənim onlardan məsləhət aldığım zamanlar da olur. Yəni, kiminsə iradəsini qırmaq, hüquqlarını məhdudlaşdırmaq fikrində deyiləm. Buna görə də, qərarlar kollektiv qəbul edilir, ancaq məsləhət qarşılıqlı olur. Mən həyat təcrübəmdən, ana olmaq statusumdan istifadə edərək öz fikrimi bildirirəm və onlar da bununla razılaşırlar. Amma kiminsə iradəsini qıraraq, zorən onlara öz fikrimi qəbul etdirə bilmərəm.”
Xanım İsmayılqızı isə bu məsələyə bir qədər fərqli yanaşıb, deyir, baxır məqamına. “Elə məqamlar var ki , yoldaşım qərar verir, elə məqam da var ki, mən. Elə də olur ki, birlikdə qərara gəlirik. Bir araya gəlmədiyimiz vaxtlar da olur. Amma öz addımlarıma özüm qərar verirəm, ailədə isə qərar verən yoldaşımdı”.
Həmkarımız Züleyxa xanımın fikirləri izə, düşünürəm ki, ibrətamizdi: “Bu gün nə patriarxat, nə də matriarxat dövrü deyil. Ona görə də, ailədə kimin hökmran olduğu, qərarı və məsləhəti kimin verdiyi fərqlidir. Mən valideynlərimdən görmüşəm ki, atam söz sahibi olub. Anamın ağıllı məsləhətləri, yerində söylədiyi fikirləri atamın düzgün qərar qəbul etməsində böyük rol oynayıb. Mənə gəldikdə isə həm məsləhət verən, həm də qərar qəbul edənəm. Ailənin tək başçısı olduğum üçün hər iki iş mənim öhdəmə düşüb. Onu da deyim ki, həm qərar qəbul etmək, həm də məsləhət vermək – ikisi birlikdə çox çətindir. Amma mən 20 ildir bu çətinliyi taleyimin “yükü” olaraq asanlıqla daşıyıram. Oğlum evlənib ailə başçısı olandan sonra, inşallah, bu “yük”dən azad olacam”.
3. İlahi sevgi nədi? O, insana verilir, yoxsa qazanılır? sualıma hər üç müsahibim cavabı isə duyğusaldır.
Rəbiyyət xanım deyir ki, İlahi məhəbbət anamıza, vətənimizə, dövlətçiliyimizə olan eşqdi, höhmətdi, sayqıdı. “Bu sevgi insana verilmiş böyük bir lütfdü. Belə insan İlahinin yaratdıqlarına sevgi ilə yanaşır. Əgər birindən xoşun gəlmirsə, ona qarşı qərəzli olmaqdansa, düşün ki, sən nəqşi bəyənmirsən, ya nəqqaşı? Əgər ulu Tanrı sənə bu sevgini veribsə və sənin qəlbini nurla doldurubsa, o nurun işığında ətrafa, insanlara bax, hamıının haqqını görməyə çalış. İlahi nur şükranlıq hissi deməkdi. Və sənə verilən ömür payını elə yaşamalısan ki, nə özün, nə də ətrafdakılar xəcalət hissi keçirməsin. Xalq arasında “Say-seçmə insanlar” ifadəsi var. Bu, o insanlara deyilir ki, xəbislikdən uzaq olurlar, qəlblərində olan nurla ətrafı işıqlandırırlar, başqalarında müsbət ovqat yaradırlar”.
Xanım İsmayılqızı isə yenə də özünəməxsus tərzdə, sevilmək üçün səndə hünər olmalıdı, hər insan özünü sevdirə bilmədiyini söyləyir. Səni sevirlərsə o sevgini sən qazanmısan. Amma sənin sevməyin üçün sənə o güc verilməlidi. Fərqi yoxdu, istər Allahını sevsin, istər torpağını, ya əks cinsin nümayəndəsini, övladını, dostunu sevsin, ümumiyyətlə, ətrafında olan hər kəsi sevə bilmək – bu, vergi kimi bir şeydi. Bu, hər adama verilmir axı. İnsan var ki, kimliyindən asılı olmayaraq, son dərəcə dərin məhəbbətlə sevə bilmək arzusundadı, amma bacarmır”.
Nəhayət, Süleyxa Nadir, mövzumuzun yekun nöqtəsini vurur. “İlahi sevgi sonradan qazanılmır, nə də kimsə tərəfindən verilmir. O, insanla bərabər doğulur. İlahi sevgi, təbii ki, Yaradana olan eşqdir. Və bəşəriyyətin ən ali, ən gözəl varlığı olan insana bu alilik və gözəlliklər məhz Allah tərəfindən bəxş edilib. Bu eşq içində daim yanırsa, sənə zaval yoxdur. Bəzən də olur ki, kiminsə içində bu sevgi yatıb, alovu sönüb və o, elə zənn edir ki, İlahinin unudulmuş bir varlığıdır, amma belə deyil. Məqam gəlir ki, o insan Yaradana üz tutur, ona sarı əl uzadır. Allahın onu eşitməsi, dualarını qəbul etməsi qəlbindəki sevginin oyaq olub-olmamasından, Allaha olan eşq atəşinin alovlanmasından asılıdır. İlahi sevgini əzəldən dərk edən insan gündə ən azı beş dəfə deyir: “Allahım, bizi doğru yola yönəlt”. Yunus İmrə qəlbindəki ilahi sevginin gücü ilə deyirdi:
Mən yürürüm yana-yana,
Eşq boyadı məni qana.
Nə aşiqəm, nə divana,
Gəl gör məni eşq neynədi?..”
P.S. Əslində bu 3 sualla cəmiyyətimizi narahat edən əsas suala: “Ailələr niyə dağılır” sualına cavab aldıq. Və elə bilirəm ki, bu fikirlər hək kəsi düşündürəcək. Müsahiblərimizi və bütün qadınlarıımızı 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edir, onlara əsl qadın zərifliyi, ailə səadəti və İlahi sevgi arzulayırıq.
İsmət Ələkbərqızı
DİGƏR XƏBƏRLƏR