Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
Nakam taleli şair Əli Kərimin qələmindən süzülən bu misralar az qala hamının göz, könül yaddaşına həkk olunub. Bu gün unudulmaz şairin doğum günüdür. 1931- ci ildə Göyçayda anadan olan şairin yaşadığı illəri daima çətinlik, əzab müşaiyət edib. 1948- ci ildə indiki Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil olan Əli Kərimə universitet yataqxana vermədiyi üçün oxuya bilməyib. O qədər kasıb olub ki, özünə bir gecəqondu belə kirayələyə bilməyib. Ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur. İlk nəşr olunan əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «Два влюбленных» («İki sevgili») kitabı olmuşdur. “İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra”, “Pillələr”, “Цветы и хлеб” “Seçilmiş əsərləri” “Qayıt”, “Pillələr”, “Seçilmiş əsərləri”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”və s. kitabları nəşr edilib. Şairin əsərlərindən bir çoxu onun ölümündən sonra işıq üzü görüb. 1969-cu ilin 30 iyununda Bakıda vəfat edən airi Göyçayda dəfn ediblər.
Əli Kərimin həyat yoldaşı Elza xanım onun haqqındakı xatirələrini belə canlandırır: “1957-ci ildə tanış olmuşuq. İlyas Tapdıq atamın yaxın dostu idi. O vaxt radioya tərcümələr edirdi. Bir dəfə İlyas bizə gəldi ki, biologiyadan tərcüməm var, bəzi terminlər çətin gəldi, sən kömək elə. İş elə gətirdi, terminin birini mən də bilmədim. İlyas dedi, bir dostum var, bəlkə o bilər. Zəng etdi. Telefonda sözü mən başa saldım. Sən demə, danışan Əli olub. Tərslikdən Əli də bilmədi, dedi, nömrəni verin, bir dostumdan soruşum... Sən demə, Əlinin səsimdən xoşu gəlib. Biz indiki İdarəçilik Akademiyası var ha, bax orda, Lermontov küçəsində yaşayırdıq. Əli gəlib küçənin başında dayanırdı, mən də çox utanırdım. Bacımla danışırdı. Bir dəfə özümdə güc tapıb dedim, durma da burda, bilirəm, mənə görə gəlirsən. Dedi yox, səhv edirsən, mən Lermontovu çox sevirəm, ona görə burdayam... Sonralar evimizə tez-tez zəng edirdi. Əli yaraşıqlı idi, həm də çox ağıllı. Mənim zəif nöqtəm ağıllı adamdır. Sonralar dava-dalaşımız da olurdu, güzəranımız da ağır keçirdi, amma mənə xoş idi. Gözəl qız idim, yaxşı oxuyurdum. İnstitutda oxuyanda Rza Şah Bakıya gəlmişdi, dedilər, apar gül ver. Sonra İranın səfiri bizə elçi gəldi. Amma nə olsun? Mən Əlini seçdim. Telefonda uzun-uzun danışıqlarımız oldu. Onu necə sevdimsə, oxuya-oxuya ərə getməyə razılıq verdim. İndiki AZİ-nin tələbəsi idim. Mən dərsdən çıxdım, Nizami kinoteatrının yanında aptek vardı, birinci dəfə orda görüşdük. 1958-ci ilin aprelin 30-da toyumuz oldu. Əlinin dəmiryolçu dostu vardı, onun vağzalın yanındakı evində toy etdik. O vaxt “Azərbaycan” jurnalında işləyirdi. Zənnim məni aldatmırsa, Əli Vəliyev, Əbülhəsən, Əhməd Cəmil, Böyükağa Qasımzadə, Əlağa Kürçaylı, Ağacavad Əlizadə toyda iştirak edirdilər. Tamada Əhəd Hüseynov idi. Deyim sənə, İsa Hüseynovla çox yaxın idi. Biz çox xoşbəxt idik, oğlum. Aşağı dağlı küçəsində birotaqlı, balaca evi vardı. İlk poemasına görə mükafat vermişdilər, onun pulu ilə almışdı. Pula o qədər həsrət qalan adamın gözü tox idi, düşkünlüyü olmayıb. Moskvada oxuyanda Rəsul Rza Əlinin şeirlərini jurnalda dərc etdirib, qonorarını göndərmişdi. İnanırsan, o pulun bir-ikisini cırmışdı ki, sənə görə nə əzablara qatlaşmışam. Bir dəfə bazara getmişdim, oğlum yanımda idi. Dedi ana, bu şalvarı mənə al, pul az idi, gücüm çatmadı. Evə gələn kimi atasına danışdı. Əli o dəqiqə bazara qaçıb o şalvarı aldı ki, mənim geyim-keçimdən çox korluğum olub, heç olmasa, bunlar mən çəkdiyimi çəkməsinlər. Qucaq-qucaq oyuncaqlar alırdı uşaqlara. Deyirdim, Əli, ay Əli, neynirsən bunları, acığına gəlirdi ki, mənim olmayıb, qoy bunlar gözü tox böyüsünlər. O vaxt Mərkəzi Univermaq təzə açılmışdı. Qonorar alıb getdim bazarlığa. Bir də baxdım ki, pul kisəm yoxdur, oğurlayıblar. Kor-peşman gəldim evə. Eşidəndə dedi, mən də elə bildim uşaqlara nə isə olub. Puldur da, kiminsə ehtiyacı varmış ki, oğurlayıb”. Elza xanım Əli Kərimə o qədər inanırmış ki, hətta ona gələn sevgi məktublarını özü oxuyurmuş: “Əli Kərimin sevənləri çox olub. Qadınları deyirəm...
Qalaq-qalaq məktublar yazıblar. Heç birini açmazdı. Gətirib mənə verərdi ki, sən oxu! Bizim aramızda dava-dalaşlar belə şeylərə görə olmayıb.11 il bir yerdə yaşamışıq, Əli öləndə 29 yaşım vardı. Bir dəfə də qadın üstündə narazılığımız olmayıb”. Ailəyə, övladlara bağlı olan Əli Kərimi Elza xanım indi sevə -sevə xatırlayır: “Bir dəfə dedi, qolum ağrıyır. Cabir Novruzun anasını çağırdım. O, otlarla müalicə edirdi. Əli təngnəfəs oldu, ürəyi sıxılmağa başladı. Orxan da balacadır, hey ağlayır. Atam uşağın üstünə qışqırdı ki, kəs səsini! Əli ağrılarını unutdu, pərt oldu. Atam çölə çıxanda mənə dedi, kişi uşağa niyə acıqlandı?Get-gedə vəziyyəti lap xarablaşdı. Dedim, gedək xəstəxanaya, razı olmadı ki, uşaqlar mənsiz nə edərlər?!
Gecə yarı halı lap dəyişib, mən də daş kimi ağır yatan, özü də qıyıb oyatmır. Anam gecə otağa girib ki, uşağa baxsın, deyir, gördüm, Əli heyranlıqla sənə necə baxır, necə baxır...
Apardıq xəstəxanaya. Gedəndə özü ilə kitab götürdü ki, birdən darıxaram, oxuyum. Xəstəxana zirzəmidə idi, anası ölmüş zirzəmidə yaşadı, zirzəmidə də öldü. Vallah, möcüzələr olur həyatda. İyunun 30-u bir tufan qalxdı, bir tufan qalxdı. Təbiət də bilirdi Əli ölür. Gördüm evdə uşaqlar oynayırlar, gülüşürlər. Boğulurdum.Əlidən sonra Qılman İlkin məni nəşriyyatda işə götürdü. Dostları onu çox istəyib. Ruhu şad olsun, Əlinin meyitini xəstəxanaya aparanda Məmməd Araz xərəyə qoymağa razı olmadı.Köməkləşib qucaqlarında apardılar”.
Son mənzilə Məmməd Arazın qucağında gedən Əli Kərim haqqında sonralar unudulmaz şair bu cümlələri yazıb : “Onun təvazökarlığı onun istedadı ilə əkiz doğuldu. Ona ən yaxın həmdəm, ən yaxın məsləhətçi oldu. Bu da faktdır ki, bu son dərəcə təvazökarlıq, özündən qaçma, özündən narazı xasiyyət sağlığında şair Əli Kərimin lazımınca dərk olunmasına müəyyən mane törətdi. Onu onsuz daha dərindən duyduq, daha yaxşı dərk elədik. Daha o, araya söz qatıb, ondan danışmaq imkanımızı əlimizdən ala bilmədi. Sağlığında görə bilmədiyimiz bəzi keyfiyyətlər onu bir qədər də böyütdü gözlərimizdə”.
O, dünyada yox imiş.
Gördüyüm kəs yuxuymuş.
Nə siqaret çəkərmiş,
Hey sümürə- sümürə.
Nə də baş qaldırarmış
Xırda bir səs- səmirə.
Oturmazmış burada,
Bu divarın yanında.
Görünməzmiş dərdimiz
Onun həyəcanında.
Özü olmadığından
Olmayıb bir arzusu.
Nə biz olmuşuq, nə o,
Ağ bir yalan imiş bu.
Ağlama könlüm, kiri...
Gözümdə yaş qalmayıb,
Bu adda, bu nişanda,
O gözəl gənc cahanda
Olmayıb, olmayıb, olmayıb.
Günel Musa
DİGƏR XƏBƏRLƏR