Salyanda Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş "Əlibəy Hüseynzadə -150 - Müstəqil Vətən məfkurəsi" adlı konfrans keçirilib. Tədbirdə İstanbul Türk Ocaqlarının rəhbər şəxsləri də daxil olmaqla qardaş Türkiyədən 20-ə yaxın tanınmış alim, araşdırmaçı, ədəbiyyatçı, tarixçi və jurnalist iştirak edib
Konfransda çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Əlibəy Hüseynzadənin həyatı və düşüncəsi, gənc nəsillərin bu böyük şəxsiyyəti daha yaxından öyrənməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən tədbirin təşkilatçılarından Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva keçirilən tədbirlərin Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıdığını dilə gətirib. O bildirib ki, Türk Ocaqları və burada iştirak edən dəyərli alimlər, araşdırmaçılar və jurnalistlərlə birlikdə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-i ortaq tariximiz, ədəbiyyatımız, böyük şəxsiyyətlərimiz, onların gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində Türkiyənin müxtəlif bölgələrində bir çox tədbirləri həyata keçirib ki, bu cür tədbirlərin sayının daha da artmasına ehtiyac var. “Əlibəy Hüseynzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Millət vəkili Əlibəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Millət vəkili Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət" düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Salyan rayonundan millət vəkili Əliağa Hüseynov Əlibəy Hüseynzadənin 150 illik yubileyinin bu böyük şəxsiyyətin doğulduğu Salyanda da keçirilməsinin əlamətdar olduğunu deyib və tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram Prezident İlham Əliyevə Əlibəy Hüseynzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə xüsusi təşəkkürünü bildirib. Eyni zamanda Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban Əliyevanın YUNESKO-da ortaq mədəniyyətimizin qorunması və inkişafı sahəsindəki böyük xidmətlərini də daim izləyirik və İstanbul Türk Ocaqları olaraq Mehriban xanıma da xüsusi təşəkkürümüzü bildiririk. Əlibəy Hüseynzadə ilə bağlı ciddi araşdırmaların müəllifi Azər Turan, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Yavuz Akpınar tədbirdə çıxış ediblər və Əlibəy Hüseynzadə irsi, Türk dövlət və toplumlarının birliyinin daha da artması istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində İstanbul Türk Ocaqları tərəfindən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova Əlibəy Hüseynzadə irsinin təbliği və qorunması işinə verdiyi töhfələrdən dolayı mükafat təqdim edilib. Eyni zamanda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayrama Salyanın 2800 illiyi ilə əlaqədar hazırlanan mükafatı təqdim ediblər.
Simsar.az
DİGƏR XƏBƏRLƏR