Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
I və IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Simsar.az məsələ ilə əlaqədar təhsil ekspertlərinin fikrini öyrənməyə çalışıb.
“Növbəti ilərdə də abituriyentlərdən müsbət nəticə gözləmək mümkün deyil”
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşidli Simsar.az-açıqlamasında keçid balının 150-yə salınmasının orta məktəblərdə təhsil səviyyəsinin göstəricisi olduğunu deyir. “İlbəil təhsilin keyfiyyətində geriləmə müşahidə olunur. Bu isə orta məktəblərin gündəmində duran məsələlərdən birinə çevrilib. Növbəti illərdə abituriyentlərdən yüksək nəticələr gözləmək qeyri-mümkündür, çünki təhsilin keyfiyyəti təhsilin məzmunu ilə deyil, təhsilverənlərin pedaqoji səviyyəsindən də asılı olan məsələlərdir”.
İmtahanda çətin sualların salınması məsələsinə aydınlıq gətirən ekspert bildirdi ki, orta məktəbdə şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi ilə bağlı işlər zəif aparılır. Buna görə, abituriyentlər daha çox imtahana salınan məntiqi sualları cavablandırmaqda çətinlik çəkirlər. Bu zaman uşaqlar düşünürlər ki, “bu sual proqramdan kənardadı, biz bunu orta məktəbdə keçməmişik”. Onlar bunu deməkdə haqlıdırlar, çünki məktəblərdə uşaqlar arasında məntiqi düşüncənin inkişaf etdirilməsi istiqamətində aparılan işlər çox zəifdir.
“Müəllimlər üçün keçirilən təlimlər müxtəlif metodlardan istifadə edərək uşaqlarda məntiqi düşüncənin inkişafına yönəldilməlidir. Təəssüf ki bu gün müəllimlər keçirilən təlimlərdə aldıqları nəzəri bilikləri tətbiq etmirlər”.
Buraxılış imtahanında şagirdlərin aşağı göstəricisi qəbulda təsdqini tapdı
Təhsil üzrə ekspert Etibar Əliyev belə qənaətdədir ki, 150 balla indiki cəmiyyətin tələbatına uyğun mütəxəssis hazırlanmasından söhbət gedə bilməz. “I ixtisas qrupu üzrə 5 nəfər IV ixtisas qrupu üzrə isə 2 nəfər 700 bal toplasa da, bu təhsilin keyfiyyətinin yüksək olmasına dəlalət etmir. Yüksək bal toplayanlarla aşağı bal toplayanların faizi göstəriciləri uyğun gəldiyi halda təhsilin keyfiyyətinin ürək açan olduğunu demək olar.
Bu il ən çox abituriyent sənədlərini birinci ixtisas qrupuna verib. İlk baxışdan belə hiss olunurdu ki, uşaqlar riyaziyyat, fizika və digər təbiət elmlərini daha yaxşı bildikləri üçün 1-ci qrupa müraciət edirlər. Amma əslində belə deyildi. Orta məktəbin buraxılış imtahanlarında 70 faizdən yuxarı şagirdin ana dili və riyaziyyat fənnindən qeyri-kafi və kafi qiymətləndirilməsi vəziyyət haqqında fikir söyləməyə əsas verirdi. Yəni, buraxılış imtahanında iki fəndən şagirdlərin aşağı göstəricisi qəbulda öz təsdiqini tapıb. Buna görə də keçid balları 150 bala endirilib.
Ekpert bildirdi ki, 700 bal 5 qiymətləndirmə hesab olunursa, 150 bal bu qiymətləndirmənin yarısı belə etmir.
Şagirdlərin 31 faiz qeyri-kafi ilə qiymətləndirilmişdi. Demək, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı həyəcan təbili çalmaq lazımdır. Keçid balının aşağı salınması orta məktəblərdəki nəticələri də təsdiqlədi.
E.Əliyevin sözlərinə görə, I qrupa sənəd verən abituriyentlər ümidli idilər ki, ötən tədris ilində olduğu kimi, bu il də ballar aşağı salınacaq və onlar bundan istifadə edərək aşağı ballarla tələbə adı qazana biləcəklər.
Balların aşağı salınması ali məktəblərə qəbul planlarının dolmasına xidmət göstərən bir addımdır. Qəbul planı dolmursa, müəllimlər ixtisar oluna bilər, yaxud Azərbaycan dünyada min nəfərə düşən tələbələrin sayına görə sonuncu yerlərdən birini tutar. Amma bunlar kəmiyyət göstəricisinə köklənmiş məsələlərdir. Keyfiyyətə keçid yaradılmalı və bunun üçün geniş tədbirlər planı hazırlanmalıdır.
Ən çox abituriyent I qrupa üz tutdu
Ekspert bildirdi ki, balların aşağı salınması onu göstərdi ki, Azərbaycanda orta təhsilin keyfiyyətində irəliləyiş yoxdur. Onun sözlərinə görə, normal bal toplayanlar isə fərdi repetitorların və böyük kurslarda keçirilən dərslərin hesabına yüksək nəticələr əldə ediblər. E.Əliyev bütün dünyada inkişafın göstəricilərindən birinin həmin ölkədə texniki və təbiət elmlərinə üz tutan vətəndaşların savadlılıq dərəcəsi olduğunu bildirib. Azərbaycanda isə keyfiyyətli çoxluq humanitar fənlərə meyl edir.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR