Ötən il Azərbaycanda doğulan körpələrə qoyulan adların statistikası açıqlanıb. Nəticələr düşündürücü və narahatedicidir. Belə ki ötən il doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Sıralama belədir: Hüseyn-2610, Əli- 2526, Murad- 1717, Ömər-1611, Məhəmməd-1446, Ayxan-1078, Uğur-1021, İbrahim-987, Tunar-907, Kənan-890.
Qız uşaqlarına verilən ən populyar ad isə Zəhradır. Ötən il 3608 uşağa Zəhra adı verilib. Nuray adı 2538, Fatimə adı 2504, Aylin adı 1803, Ayan adı 1694, Zeynəb adı 1693, Xədicə adı 1244, Mədinə adı 1170, Mələk adı 1163, Məryəm adı 1162, Leyla adı isə 1112 uşağa verilib.
İlk baxışda sual oluna bilər ki, burada qəribə nə var? Valideyn öz övladına ad qoymaqda azaddır, təki ad mənalı olsun, təsadüfi olmasın. Sevindirici haldır ki, indi uşaqlara savadsızlıq dövründəki kimi Tənbəki, Sərəncam adları qoymurlar. İrza, Rəfail, İrəşid kimi adların təhrif olunmuş formalarına da rast gəlinmir. Sovet rejiminin Traktor, Kombayn, Vladlen, Sovet, İvan, Marks kimi ideoloji adları da qoyulmur. Bunlar yaxşıdı. Müstəqilliyin ilk illərində xalqın öz soy-kökünə dönüş prosesi yaşanır, insanlar öv övladlarına Azərbaycan-türk mənşəli adlar qoyurdular. Ayxan, Tuncay, Timur, Atilla, Batıxan, Barış, Özgür, Arda, Selcan, Tural, Toğrul, Ayan, Çilənay, Banuçiçək kimi adlar populyar idi. Son illər bu tendensiya zəifləyib. Dini təriqətlərin təbliğatının güclənməsi insanlarda ərəb-fars mənşəli dini adlara marağı artırıb. Ənənəvi məzhəblərdən şiə-cəfərilər daha çox Əli, Əkbər, Hüseyn, Əbülfəz, Mürtəza, Müştəba, Həsən, Qasım, Zeynəb, Zəhra, Fatimə adlarına üstünlük verirlər. Sünni-hənəfilər Məhəmməd, Aişə, İbrahim, Umar, İkram adları qoyurlar. Son zamanlar sayları artmış sələfi müsəlmanlar daha ifrata varır, ilk islam dövrünün adlarına üstünlük verirlər. Onların arasında Abubakr, Abutalıb, Əbdülmütəllib, Xədicə, Osman, Ömər adları indi yayğındır. Narahatlıq doğuran da budur. 1828-ci ildən ikiyə bölünmüş Azərbaycan quzeydə rus idelojisinin, güneydə fars şovinizminin etkisinə məruz qalıb. Rus şovinizmi Azərbaycan türklərini soy-kökündən ayrı salmaq üçün çeşidli islahatlara baş vurub. Əlifbamız, dilimizin və millətimizin adı dəyişdirilib. Sovet dövründə repressiyadan qorxan insanlar daha çox ərəb və fars, hətta rus adlarına üstünlük veriblər. Güneydə vəziyyət lap dözülməzdir. İstər şah dövründə, istərsə də indiki rejim zamanında Azərbaycan türkləri övladlarına türk adları qoya bilməzlər. Bu, yasaqdır. Əvəzində türk ata-analara Dariyuş, Kuruş, Fəriburz, Firuz, Xosrov, Pərviz, Siyamək kimi qatı fars adları təklif olunur. Türk ata-ana övladına ərəb adı qoya bilər, ancaq türk mənşəli ad olmaz!. Soyadlardan isə ümumiyyətlə, danışmağa dəyməz. Səidlu, Əlilu kimi istisnaları (milyonda bir) çıxmaq şərti ilə Güney Azərbaycan türklərinin soyad sonluqları “i”, “nejat”, “yan” və digər ərəb və fars şəkilçilərindən ibarətdir.
Rus şovinizminin əli Azərbaycandan kəsilib. Ancaq din donuna girmiş fars şovinizmi hələ də evimizə qədər soxulmaqdadır. Heç kimə sir deyil ki, şiə-cəfərilik (bundan öncə ələvilik) türk millətini parçalamaq üçün fars şovinizminin əlində alətə çevrilib. Fars şovinizmi burada Güneydə etdiyini edə bilmir. Fars millətçiliyi burada keçməz. Ancaq din pərdəsi altında farsçılıq yeridlir. Şiə kimliyini, şiə düşüncəsini formalaşdırmaq, türk kimliyini arxa plana keçirmək üçün aparılan işlərdən biri də uşaqlara ərəb-fars adlarının qoyulmasını təşviq etməkdir. Ona görə də bu işdə ehtiyatlı olmaq, maarifləndirmə işlərini gücləndirmək lazımdır. Biz demirik ki, dini adların qoyulması yasaq edilsin. Uşaqlara Tanrının elçiləri olan İsa, Musa, Üzeyir, İbrahim, Məhəmməd, islam dininin böyük şəxsiyyətləri:Əli, Hüseyn, Xədicə, Fatimə adları qoyula bilər. Ancaq bu adlar yayğınlaşmamalıdır! Azərbaycan türk yurdudur. Türklər bu ölkənin yükünü çiynində daşıyan millətdir. Ərəbistan, Misir, Suriya ərəbi, İran farsı, loru, bəlucu, Əfqanısatn puştunu, taciki öz balasına Tural, Aslan, Toğrul, Alpər, Günel, Aysel adını qoymaz. Bəs biz niyə qoyuruq? Allahın elçisinin adını qoyaq. Ancaq balarımızı nədən dilimizə çətin yatan Abubakr, Abutalıb, Abdrurrahman, Əbdülmütəllin adları ilə çağırmalıyıq?
Elman Cəfərli
DİGƏR XƏBƏRLƏR