11 Avqust, 2011
ERMƏNİSTANDA KİŞİ QALMAYIB

Qadınlar isə ər stresilə yaşayır

“Hər il Ermənistanı daha yaxşı həyat axtarışında olan təqribən 60 min erməni tərk edir və bu hal yeni bir tendensiyanın əsasını qoyub: demək olar ki, yalnız qadınlar tərəfindən məskunlaşmış kəndlərin yaranması”. APA-nın məlumatına görə, bu fikirlər Amerikanın “Huffington Post” qəzetində dərc edilmiş məqalədə öz əksini tapıb.

Son illər Ermənistandakı mühacirət dalğasını təhlil edən yazı müəllifi bu tendensiyanın ölkə üçün ümumilli problemə çevrildiyini qeyd edir. BBC-nin məlumatlarına istinad edən nəşr yazır ki, ailələrini dolandırmaq üçün erməni kişiləri kütləvi şəkildə Rusiyaya üz tutur, evlərdə isə yalnız qadın və uşaqlar qalır. Qərbli jurnalistlə söhbət edən Milena Kazaryan adlı Ermənistan sakini etiraf edib ki, erməni xanımları həyat yoldaşlarının Rusiyada ikinci ailə quracaqlarından narahatdırlar: “Buradakı bütün qadınlar bunun bir gün baş verəcəyindən çox qorxur. Biz hər səhər və axşam ərimizin nə ilə məşqul olduğunu müəyyən etmək üçün ora zəng edirik. Onların geri dönüb-dönməyəcəyi barədə davamlı düşünmək stress yaradır. Buradakı əksər qadınlar ona görə narahatdırlar ki, rus qızlarının çox cazibədar olduğunu düşünürlər. Problem ondadır ki, kişilərimiz orada çox işləyir və təbii ki belə olan halda onlar əylənmək də istəyirlər. Bax bu, bizi çax narahat edir”.

“ Huffington Post” qəzeti yazır ki, bu problem bütün Ermənistanda hiss olunur və baş verən tendensiya artıq doğum göstəricilərinə də təsir edir: “İndi Ermənistanda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir”. Məqalədə bildirilir ki, Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!