9 Avqust, 2011
“Prezidentin rəsmi saytına ən çox müraciət Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöldən daxil olub”

 İlin əvvəlindən Azərbaycan prezidentinin rəsmi internet saytına ölkə vətəndaşlarından yüzlərlə elektron müraciət daxil olub. Bunların böyük hissəsi ərizə və təkliflər, bir hissəsi isə şikayətlərdir.

Simsar.az-ın məlumatına görə, bu barədə rəsmi mətbuata müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. 

Onun sözlərinə görə, bu ilin aprelindən etibarən sayta gələn elektron məktubların sayı artmaqdadır: “Məsələn, bu ilin aprelində elektron müraciətlərin sayı ümumi müraciətlərin 1,8 faizini təşkil edirdisə, hazırda bu göstərici 6-7 faizə çatıb”.

Təhlillər göstərib ki, prezidentin rəsmi internet saytına daha çox gənclər və orta nəslin nümayəndələri müraciət edirlər. Daha yaşlı nəslin nümayəndələri isə ənənəvi məktub formasından istifadə edir və məktublarını poçtla göndərirlər.

Rəsmi internet sayta müraciətlər respublikanın 79 şəhər və rayonundan daxil olub. İndiyədək ən çox müraciət Bakı və onun rayonlarından, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöldəndir.

Onun sözlərinə görə, müraciətlərin arasında bir çox maraqlı təkliflərlə yanaşı, ölkədə görülən işlər – rayonlarda aparılan abadlıq və quruculuq işləri, bəzi rayonların sosial-iqtisadi inkişafı üçün əlavə vəsaitlər ayrılmasına, müxtəlif təltif və mükafatlara görə minnətdarlıq məktubları da var.

Müraciətlərin mövzusuna gəlincə, şöbə müdirinin sözlərinə görə, onlar əsasən yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, şəhərsalma, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti və digər məsələlər barədədir.

Şöbə müdiri bildirib ki, prezidentin rəsmi internet saytına xarici ölkələrdən də müraciətlər daxil olur: “MDB, Avropa və Asiya ölkələrindən daxil olmuş belə müraciətlərdə daha çox Azərbaycan haqqında məlumat verilməsi, bir çoxlarında isə ölkə prezidentinin avtoqrafının göndərilməsi xahiş edilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!