9 Avqust, 2011
Zaur Baxşəliyev Sabirabadda da dava ilə qarşılandı

3 nəfərin bıçaqla yaralandığl bildirilir

Azad Azərbaycan Televiziyasının (ATV) “Tanıdım səni” layihəsi çərçivəsində Sabirabad rayonunda çəkilişi zamanı kütləvi dava olub. Simsar.az "Bizim yol" qəzetinə istinadən bildirir ki, məşhur teleaparıcı Zaur Baxşəliyevin layihəsi olan “Tanıdım səni” verilişinin ötən həftə Sabirabad rayonunun mərkəzində və bir neçə kəndində çəkilişi olub.

Məlumata görə, çəkiliş zamanı kütləvi dava nəticəsində bıçaq işə düşüb. Iddia edilir ki, rayonun mərkəzində yerləşən istirahət mərkəzində çəkiliş aparılan zaman Zaur Baxşəliyevin hərəkətləri rayon gəncələrinin xoşuna gəlməyib. Bu zaman çəkiliş meydançasında dava başlayıb.

Dava zamanı telekanalın heç bir əməkdaşına xəsarət yetirilməyib. Qeyd edilir ki, telekanalın çəkiliş qurupunun üzvləri davada iştirak etməyiblər. Davada iştirak edən iki qrup olub ki, onlardan bir qrupu Zaurun tərəfdarı olub. Baş vermiş hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı bildirilir. Yaralılar ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Onu da qeyd edək ki, kütləvi dava zamanı rayonun istirahət parkında çoxlu sayda ağac da sındırılıb. O da bildirilir ki, 3 nəfər yarıldan əlavə xəstəxanaya bədəninin müxtəlif nahiyələri əzilmiş şəxslər də müraciət ediblər. Hadisə ilə bağlı bir neçə nəfərin həbs edildiyi qeyd edilir.

Xatırladaq ki, Zaur Baxşəliyev ATV-də yayımlanan “Onun yarsı” verişindən qalmaqal nəticəsində kənarlaşdırılıb. Uzun müddət telekanala buraxılmayan məşhur teleaparıcı “Tanıdım səni” layihəsi ilə yenidən tamaşaçıların qonağı olub.

Qeyd edək ki, hələ 2002-ci ildə Xalq artisti İlhamə Quliyevanın rəhbərliyi ilə “Space” kanalında yayımlanan “Qonağımız var” verilişi rayonlardan reportaj hazırlayarkən Salyan rayonunda qonaq olmuşdu. Həmin vaxt Salyan rayonunda sözügedən proqramın əməkdaşları da xoşagəlməz hadisə ilə üzləşmişdilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!