5 Avqust, 2011
Qəbul planı dolmadı

Məleykə Abbaszadə:Bu il ali məktəblərə qəbul planı 93.36 faiz yerinə yetirilib

2011/2012-ci tədris ili üçün keçirilən test imtahanları nəticəsində ali təhsil müəssisələrində ayrılan 31419 plan yerinə 29332 abituriyent qəbul olunub. Qəbul planı 93.36 faiz yerinə yetirilib.

Simsar.az verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, I qrup üzrə 9047, II qrup üzrə 8325, III qrup üzrə 8258, IV qrup üzrə 3702 nəfər tələbə adını qazanıb. Tələbə adını qazanan şəxslər bu il avqustun 8-dən 18-dək sənədlərini qəbul olunduqları ali məktəbə təqdim etməlidirlər. Əks halda, bu, abituriyentin seçdiyi ixtisasdan imtinası kimi qiymətləndiriləcək. Həmin abituriyentin qəbul olduğu haqqında əmr ali məktəbə göndərilməyəcək.

TQDK sədri bildirib ki, ali məktəblərə boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc edilib. Abituriyentlər ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas məktəblərinin də müvafiq ixtisasını seçə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!