5 Avqust, 2011
TƏLƏBƏ ADI QAZANANLARA 10 GÜN VAXT VERİLDİ

Bu il tələbə adını qazanmış şəxslər 2011-ci il avqustun 8-dən 18-ə qədər sənədlərini daxil olduqları ali təhsil müəssisinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etmək kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi avqustun 5-dən 9-a qədər internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Onu da bildirək ki, orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!